MƏDƏNİYYƏT


Rəssamın "Sehrli yuxular"ı

Bakı, 29 sentyabr, AZƏRTAC

Noyabrın 4-də "Abşeron" qalereyasında rəssam Eldar Babazadənin "Sehrli yuxular" adlı fərdi sərgisi açılacaq. Sərgi Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi və Azərbaycan İncəsənət Konsulluğunun təşkilatçılığı ilə ("Arts Council Azerbaijan" QHT) keçiriləcək.

"Arts Council Azerbaijan" təşkilatından AZƏRTAC-a bildirilib ki, Eldar Babazadənin parlaq, dolğun rənglərlə seçilən əsərləri yüksək istedada malik, eyni zamanda daim yaradıcılıq axtarışında olan rəssama məxsus sənətkarlıqla yaradılıb. Fırça ustası sübut edir ki, emosiyasız və həyəcansız tablolar yaratmaq mümkün deyil, bu əsərlərə bütün duyğuları köçürmək lazımdır. O deyib: "Əsərlərimdə öz dünyamı, mənim təsəvvür etdiyim dünyanı əks etdirirəm. Mən öz dünyamı dəyişmək istəmirəm. Gördüyüm işi sevir və ondan zövq alıram".

Eldar Babazadə rəssamlar ailəsində dünyaya göz açıb. O, rəssamlıq məktəbində və Azərbaycan Dövlət Pedaqoji Universitetinin bədii qrafika fakültəsində təhsil alıb. 1997-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. Sənətkarın işləri o dərəcədə maraqlı və qeyri-adidir ki, ilk tanışlıqda öz güclü enerjisi ilə insanı valeh edir. O, yaratdığı obrazların faktura və energetikasını ustalıqla təcəssüm etdirir. Rəssam daim həm ölkəmizdə, həm də onun hüdudlarından kənarda keçirilən sərgilərdə iştirak edir. Onun tabloları Türkiyə, İran, Almaniya, İsveç, Gürcüstan və Qırğızıstanda nümayiş etdirilir.

Eldar Babazadənin "Sehrli yuxular" sərgisi noyabrın 30-dək davam edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.