“Rəssamın gözü ilə” layihəsi çərçivəsində növbəti görüş
AzerTAg.az

Bakı, 13 mart, AZƏRTAC
Martın 15-də Azərbaycan Rəngkarlıq Muzeyində “Rəssamın gözü ilə” layihəsi çərçivəsində Azərbaycanın Əməkdar rəssamı Zaur Kantemirovun yaradıcılığına həsr olunmuş görüş keçiriləcək.
YARAT-dan AZƏRTAC-a bildirilib ki, görüş zamanı rəssamın qızı, incəsənət sahəsi üzrə jurnalist, teatrşünas, “DNO” anderqraund teatr festivalının prodüseri Zalina Kantemirova və bacısı Rimma Səlimova rəssamın yaradıcılıq və həyat hadisələrindən danışacaqlar.
Zaur Kantemirov (1942-2021) – qrafika, plakat, rəngkarlıq, monumental sənət, sənaye dizaynı və fotoqrafiya sahələrində böyük uğurlar qazanmış rəssamdır. O, çoxsaylı beynəlxalq, ümumittifaq və respublika sərgilərinin iştirakçısı və mükafatçısı olub. Həmçinin müstəqil Azərbaycanın ilk poçt markalarından birinin müəllifidir. Son illər yaradıcılığında şüşə materialını əsas hədəf götürərək, fantastik əsərlər hazırlayıb. “Şüşə qəlbli” təxəllüsü də elə bu əsərlərinə görə daşıyırdı.
Tədbirin sonunda kiçik sual-cavab sessiyası təşkil olunacaq.
Xəbərin mətnində orfoqrafik səhv var