MƏDƏNİYYƏT
Rəssamlar İttifaqında 150-dən çox fırça ustasının əsərləri sərgilənir
Bakı, 18 noyabr, AZƏRTAC
Azərbaycan Rəssamlar İttifaqının V.Səmədova adına sərgi salonunda “Azərbaycanım” adlı rəsm sərgisi açılıb.
AZƏRTAC xəbər verir ki, Milli QHT Forumunun və Rəssamlar İttifaqının dəstəyi ilə təşkil olunan sərgi 17 noyabr-Milli Dirçəliş Gününə həsr edilib.
Tədbirdə Azərbaycan Rəssamlar İttifaqının katibi, Xalq Rəssamı Ağali İbrahimov və Milli QHT Forumunun rəhbəri Rauf Zeyni çıxış edərək sərginin əhəmiyyətindən danışıblar.
Vurğulanıb ki, layihə rəhbəri Elnurə İsgəndərova olan sərgidə 150-dən çox fırça ustasının 200-dək sənət əsəri nümayiş olunur. Bildirilib ki, ziyarətçilər ekspozisiyada müxtəlif yaş qrupuna mənsub rəssamların və dekorativ tətbiqi sənət ustalarının əsərləri ilə tanış ola biləcəklər.
Sərginin ekspozisiyasında yer alan sənət əsərlərinin məna və məzmun baxımından zənginliyini qeyd edən natiqlər fırça ustalarına yaradıcılıq uğurları arzulayıblar.
Sonda bir qrup fırça ustasına diplom və mükafatlar təqdim edilib.
Təşəbbüskarı tanınmış gənc rəssam Aygün İsgəndərova olan sərgi üç gün ziyarətçilər üçün açıq qalacaq.