İQTİSADİYYAT


Rəşt-Astara dəmir yolu hazır olduqdan sonra Azərbaycan və Rusiyanın İranın cənubundakı dəniz limanları ilə nəqliyyat əlaqəsi yaranacaq

Tehran, 6 iyul, AZƏRTAC

Rəşt-Astara dəmir yolu xətti tamamlanıb istifadəyə verildikdən sonra Azərbaycan və Rusiyanın İranın cənubundakı dəniz limanları ilə nəqliyyat əlaqəsi yaranacaq.

AZƏRTAC xəbər verir ki, bu sözləri İranın yol və şəhərsalma nazirinin müavini Şəhriyar Əfəndizadə yerli televiziyaya müsahibəsində deyib. O bildirib ki, Rusiya ilə İran arasında 10 milyon ton yükün “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi vasitəsilə daşınması haqqında razılıq əldə edilib. Bu yüklər İrana Xəzər dənizi vasitəsilə daşınacaq.

Ş.Əfəndizadə Rəşt-Astara dəmir yolu xəttinin inşasının tezliklə başa çatdırılmasını zəruri hesab edərək vurğulayıb ki, bu yol hazır olduqdan sonra İranın tranzit imkanları daha da artacaq.

Məsələnin mahiyyəti ondan ibarətdir ki, Rusiyadan İrana daşınan tranzit yüklər Xəzər dənizi ilə Ənzəli limanına daxil olur və burada yenidən qatara yüklənərək istiqamətindən asılı olaraq Çabahar və Bəndər Abbas limanlarına daşınır. Bu limanlarda yüklər təkrar olaraq gəmilərə yüklənir və yola salınır. Göründüyü kimi, tranzit yüklər bir neçə dəfə yüklənib boşaldılır ki, bu da həm vaxt aparır, həm də xərcləri artırır. Lakin Rəşt-Astara yolu hazır olsa, Rusiyadan yüklər qatarla birbaşa İranın cənub limanlarına çatdırılaraq gəmilərlə yola salınar. Çünki Ş.Əfəndizadənin də dediyi kimi, Rəşt-Astara dəmir yolu İran ilə Azərbaycanın dəmir yolları sistemlərini birləşdirəcək.

Təsadüfi deyil ki, Ş.Əfəndizadə İranda dəmir yollarının təkmilləşdirilərək inkişaf etdirilməsinin də zəruri olduğunu bildirib. Onun sözlərinə görə, ötən il bu marşrutla 11,5 milyon ton yük daşınıb. Rəşt-Astara yolu aktiv olsaydı, bu rəqəm dəfələrlə artardı.

Hazırda İranda dəmir yollarının təkmilləşdirilməsi və yeni dəmir yollarının inşası davam edir. Ötən il Çabahar-Zahedan dəmir yolunun inşasına başlanılıb. Bu yol İranın Oman dənizi sahilində, Hind okeanına çıxışı və iri həcmdə yükaşırma imkanı olan Çabahar limanı ilə digər bölgələri birləşdirəcək. Rusiya və Avropadan Cənub-Şərqi Asiya ölkələrinə ixrac olunan yüklər Çabahar limanından, Fars körfəzi ölkələrinə daşınan yüklər isə Fars körfəzi sahilindəki Bəndər-Abbas limanından yola salınacaq. Hər iki istiqamətə yüklərin daşınması Azərbaycandan tranzit olaraq Qəzvin-Rəşt-Astara(İran)-Astara(Azərbaycan) dəmir yolu xətti ilə həyata keçiriləcək. Hələlik bu dəmir yolu xəttinin Qəzvin-Rəşt hissəsi aktivdir. Rəşt-Astara hissəsində isə işlər davam edir.

Nəzərə çatdıraq ki, Rusiya ilə Avropanın ticarət dövriyyəsi 250 milyard avro həcmindədir. Ukraynadakı hadisələrə görə ticarət dövriyyəsi xeyli azalıb. Rusiya Asiya istiqamətinə yönəlib ki, bu da “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin əhəmiyyətini artırıb. İran bu imkandan səmərəli istifadə etmək istəyir. Bunun üçün rəsmi Tehran Rəşt-Astara yolunu tez bir zamanda başa çatdırmalıdır.

 

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Tehran

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.