İQTİSADİYYAT
Rəştdə İran Prezidenti Administrasiyasının rəhbəri ilə müzakirələr aparılıb
Rəşt, 7 mart, AZƏRTAC
İran İslam Respublikasına səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti İran Prezidenti Administrasiyasının rəhbəri Mahmud Vaezi ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşdə Azərbaycan və İran prezidentlərinin uğurlu xarici siyasət apararaq regionda dostluğu və mehriban qonşuluğu əsas tutduqları vurğulanıb. Dövlət başçılarının səyləri nəticəsində Azərbaycan və İran beynəlxalq əhəmiyyətli layihələrin reallaşmasında fəal iştirak edirlər.
İqtisadiyyat naziri Şahin Mustafayev son illərdə Azərbaycan və İranın dövlət başçılarının görüşlərini, Prezident İlham Əliyev və İran Prezidenti Həsən Ruhani arasında qarşılıqlı hörmətə və etimada əsaslanan münasibətlərin ölkələrimiz arasında əməkdaşlığın bütün sahələrdə genişləndirilməsində mühüm rolunu vurğulayıb. Nazir “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin önəmli həlqəsi olan Qəzvin-Rəşt dəmir yolunun açılışını qeyd edərək, bunun Azərbaycan və İran, eləcə də region ölkələri üçün əhəmiyyətini diqqətə çatdırıb.
Son zamanlar ölkələrimiz arasında əməkdaşlığın inkişafı istiqamətində bir çox işlərin görüldüyünü qeyd edən İran Prezidenti Administrasiyasının rəhbəri Mahmud Vaezi əlaqələrin inkişafı perspektivlərinə dair fikirlərini bildirib. O, Qəzvin-Rəşt dəmir yolunun və Rəşt-Astara dəmir yolunun tikintisi layihəsinin ölkələrimiz arasında iqtisadi-ticarət əlaqələrinin genişlənməsinə mühüm töhfə verəcəyini vurğulayıb.
Görüşdə Azərbaycanın İrandakı səfiri Bünyad Hüseynov, nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə, “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov iştirak ediblər.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Rəşt