İQTİSADİYYAT
Rəsul Ümidi: Azərbaycan Yaxın Şərq və Cənub-Şərqi Asiya ölkələri üçün nəqliyyat mərkəzinə çevriləcək
Tehran, 9 oktyabr, AZƏRTAC
İran Baş Gömrük İdarəsinin yaydığı məlumata görə cari ilin ötən dövrü ərzində Rusiyadan İrana ixracın həcmi 633 milyon dollar həcmində olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə İran ilə Rusiya arasında həyata keçirilən idxal-ixrac əməliyyatlarında 90 faiz artım müşahidə olunub.
AZƏRTAC xəbər verir ki, İranın Astara gömrük-keçid məntəqəsinin rəisi Rəsul Ümidi Astara(İran)-Astara(Azərbaycan) dəmir yolu xəttinin istifadəyə verilməsindən sonra Rusiyadan idxal əməliyyatının həcminin artdığını bildirib. İrana ixrac olunan mallar Rusiyadan qatarla gələrək Azərbaycan üzərindən İrana daxil olur.
Hələ SSRİ dövründən Rusiya ilə Azərbaycanın dəmir yolları sistemlərinin birləşməsi və bu gün reallaşan “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin formalaşması istiqamətində İran və Azərbaycanın Astara şəhərləri arasında dəmir yolunun çəkilib istifadəyə verilməsi Rusiya ilə İran arasındakı ticarət əlaqələrini artırıb. Azərbaycan isə tranzit ölkə olaraq gəlir əldə etməklə yanaşı hər iki ölkə ilə ticarət və nəqliyyat əlaqələrini də genişləndirir.
Göründüyü kimi, Azərbaycan dövlətinin qeyri-neft sektorunu inkişaf etdirmək istiqamətində həyata keçirdiyi islahatlar artıq səmərə verir. Onu da qeyd edək ki, hələ “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi çərçivəsində inşa edilən Qəzvin-Rəşt-Astara(İran)-Astara(Azərbaycan) dəmir yolu tam hazir deyil. Bu yol İranın Fars körfəzindəki Bəndər-Abbas limanı ilə Rusiya və Avropanı birləşdirəcək. Yolun Bəndər-Abbasdan Qəzvinə kimi olan hissəsi hazırdır. Gələn ilin mart ayında Qəzvin-Rəşt hissəsi istifadəyə veriləcək. Rəşt-Astar hissəsində isə işlər sürətlə davam etdirilir.
Nəzərə alsaq ki, Qəzvin-Rəşt-Astara(İran)-Astara(Azərbaycan) dəmir yolu istismara verildikdə Rusiyadan gələn qatarlar İranın yalnız Astara şəhərinə yox, digər şəhərlərinə də getmək imkanı əldə edəcək. Onda Azərbaycanın tranzit ölkə kimi əhəmiyyəti ilə yanaşı tranzit gəlirləri də artacaq. Bununla yanaşı malların əks istiqamətə daşınması da məhz Azərbaycan üzərindən həyata keçiriləcək. Bu isə onu deməyə əsas verir ki, Azərbaycan Yaxın Şərq və Cənub-Şərqi Asiya ölkələri üçün nəqliyyat mərkəzinə çevriləcək. Mərkəz dedikdə isə yalnız dəmir yollarının kəsişdiyi yer kimi başa düşmək lazım deyil. Məsələnin mahiyyəti ondan ibarətdir ki, milyardlarla dollar həcmində idxal-ixrac əməliyyatları həyata keçirən firmalar Azərbaycanda öz nümayəndəliklərini açacaq, qatarlara və digər texniki vasitələrə xidmət etmək üçün mərkəzlər yaradılacaq. Bütün bunlar isə əlavə iş yerlərinin açılmasını və ölkəyə valyuta axınını təmin edəcək.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran