CƏMİYYƏT
Reyd zamanı Quba rayonunda qanunsuz ovlanmış qonur ayı aşkar edilib VİDEO
Bakı, 3 noyabr, AZƏRTAC
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər Şöbəsinin əməkdaşları nəzarət etdikləri inzibati ərazilərdə (Quba, Qusar, Xaçmaz, Şabran) “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə növbəti reyd keçiriblər.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Quba rayonunda keçirilən reyd zamanı adı Azərbaycan Respublikasının “Qırmızı Kitabı”na düşmüş qonur ayının boğazından kəsilmiş başı üstündə olan dərisi, hissələrə bölünmüş əti, ov alətləri və ov tulası aşkar edilib. Ovlanmış ayının dərisi, əti və ov alətləri maddi sübut kimi götürülüb. Faktla bağlı akt tərtib olunub.
İlkin araşdırmalara görə qanun pozucularının Quba rayonu Qonaqkənd sakinləri Fariz Rəhmanov, Aydın Nəsirov və Cimi kənd sakini Pirməhəmməd Nemətov olduğu müəyyən edilib.
Toplanmış materiallar məsələyə hüquqi qiymət verilməsi və təqsirkarlar barəsində qanunauyğun tədbirlərin görülməsi məqsədilə Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib.