SİYASƏT


Reza Deqati: Azərbaycan Ordusunun müharibə taktikası bəzi dövlətləri hərb sahəsinə yenidən baxmağa vadar edib

Paris, 19 yanvar, AZƏRTAC

Fransada yaşayan məşhur fotojurnalist Reza Deqati Qarabağla bağlı təəssüratlarını AZƏRTAC-ın müxbiri ilə bölüşüb. O, müsahibəsində Azərbaycan Ordusunun şücaətindən, Qarabağ dərslərindən, azad olmuş rayonlarda yaşadığı şoklardan danışıb.

İkinci Qarabağ müharibəsi bir neçə aspektdən öyrənilməlidir. Son 40 ildə dünyanın müxtəlif yerlərində müharibə zonalarında olmuşam. Gördüklərimi fotoaparatımın yaddaşına həkk eləmişəm. Orta Şərqdə, Afrikada, Asiyada müharibələri işıqlandırmaq təcrübəmi nəzərə alsaq, Qarabağ müharibəsi ilə bağlı əminliklə deyə bilərəm ki, o, dünya tarixində yeni bir müharibə formasıdır.

Azərbaycanın rəşadətli ordusunun taktikası, döyüş metodu, yeni texnikadan, dronlardan istifadə qabiliyyəti bütün dünya ölkələrinin diqqətini cəlb edib. Hətta deyərdim ki, bəzi böyük dövlətlər də Azərbaycanın hərb praktikasını, müharibə metodunu və müharibə vasitələrini öyrənməyə başlayıblar. Qarabağ müharibəsi bəzi böyük dövlətləri hərbi sahələrini yenidən nəzərdən keçirməyə məcbur edib. 40 illik təcrübəmdə, müharibə ilə bağlı ağlıma gələn ilk fikir budur.

İkincisi, bu müharibənin ən vacib elementlərindən biri isə digər müharibələrdə heç vaxt görmədiyim enerji və iradədir: doğma evinə qayıtmaq arzusu ilə yaşayan əsgərdəki güclü enerji. Öz doğma yurdunu azad etməyə gedən əsgərdə, hərbçilərdə fərdi və kollektiv enerji yaranır. İkinci Qarabağ müharibəsində bu fərdi və kollektiv enerjinin şahidi oldum, qorxu bilmədən irəliyə can atan, doğma evinə çatmağa çalışan fərdi və kollektiv enerji və iradə. Qorxmadan, cəsarətlə ölümə gedən əsgərlər. Qarabağın bəzi ərazilərinin, xüsusilə də Şuşanın coğrafi mövqeyi çox mürəkkəbdir. Əsgərlər aşağıdan yuxarı döyüşməli, dağın yüksəkliyini ələ keçirməli idilər. Azərbaycan əsgəri bəşəriyyətdə görünməmiş şücaət və qəhrəmanlıq göstərərək, bu cür çətin coğrafi mövqedə qələbə əzmini reallaşdıraraq, adını tarixə - zəfər və müharibə tarixinə yazdı.

Qarabağın vacib dərsləri...

Qarabağ müharibəsindən çox dərs götürülməlidir. Nəhayət, 30 il əvvəl doğma evlərindən ayaqyalın, əli boş didərgin salınan 700 mindən çox azərbaycanlı məcburi köçkün öz hüquqlarını bərpa etdi. Ermənistandan qovulan qaçqınlar hələ aqibətlərini gözləyirlər...

Otuz ildən sonra xalq öz iradəsi gücünə ədaləti, hüququnu bərpa etdi, itirdiklərini geri qaytardı. Bu tarixdə və bəşəriyyətdə çox vacib andır. 1992-ci ildə erməni silahlı qüvvələri azərbaycanlıları çox iztiraba düçar etmişdi. 2020-ci ildə isə işğalçılar, cinayətkarlar cəzalandırıldı. Budur Qarabağın əsas dərsi: özgənin torpağına göz dikmək olmaz. Başqasının mülkünə yiyələnmək olmaz, məsum insanlara pislik etmək olmaz, pislik gec-tez onu törədənin üzərinə qayıdır.

1992-ci ildə Xocalı soyqırımı zamanı çəkdiyim şəkillərdə azərbaycanlı məcburi köçkünlər əllərində doğmalarının, yaxınlarının şəklini tutaraq onların cəsədinin axtarırdılar. 2020-ci ildə İrəvanda eyni səhnə yaşandı.

Qarabağın dünyaya, bəşəriyyətə verdiyi dərs və ötürdüyü ismarıc budur. Pisliyə cavab elə pislik olur.

Yaşadığım şoklar...

Müharibə zamanı məni şoka salan gördüyüm səhnələr və ermənilərin Azərbaycan qəbiristanlıqlarına göstərdikləri hörmətsizlik, vəhşilik oldu. Ermənilər 30 il işğal altında saxladıqları Azərbaycan ərazilərində evləri, kəndləri, şəhərləri demək olar yer üzündən siliblər, daş üstə daş qalmayıb. Ancaq məzarlara qarşı bu cür vəhşilik heç yerdə olmayıb. Dünyanın müxtəlif regionlarında müharibələr zamanı şəhərlərin bir hissəsi dağıdılırdı. Ancaq ermənilər sistematik və qəsdən hər şeyi dağıdıblar. Qəbiristanlıqda cəsədlərin qızıl dişlərini çıxarmaq üçün bütün qəbirləri bir-bir qazıb, insan sümüklərini ətrafa səpələyiblər. Bu, vəhşiliyin son həddidir. Qəbiristanlıqlara belə hücum beynəlxalq səviyyədə cinayətdir.

Azərbaycan mütləq beynəlxalq məhkəmələrə, təşkilatlara müraciət etməlidir. Ekspertlər, mütəxəssislər gəlib bu mənzərəni görməlidirlər. Bu dağıntılar 2-3 fərdin işi deyil, bu bir icmanın məqsədli şəkildə törətdiyi əməldir.

Azad olunmuş kənd və şəhərlərdə ikinci şoku məscidlərə, türbələrə qarşı erməni vəhşiliyini görəndə yaşadım.

Bu zonada ev heyvanlarının saxlanılması üçün çoxlu məkanlar olmasına baxmayaraq, ermənilər ev heyvanlarını məscidlərdə, türbələrdə, dini məkanlarda saxlayıblar. Donuz müsəlman aləmi üçün haram sayılır. Ermənilər donuzlarını məsciddə bəsləyiblər. Bu, təhqirin və vəhşiliyin son həddidir.

Fransa və fransızların informasiya əsirliyi...

Fransa və fransızlar 44 günlük müharibə zamanı bir qrup erməni və ermənipərəstin informasiya əsiri oldular. Burada yaşayan ermənilər bir əsr ərzində özlərinə fransız cəmiyyətində nüfuzu olan insanlardan, siyasətçilərdən dostlar tutublar. Siyasi rıçaq bu insanların əlindədir. Bir tərəfdən bu qrup səsvermə hüquqları ilə siyasətçiləri əsir götürdü və bunu fransız deputatların reaksiyasında aydın gördük. Fransız siyasətçiləri elə bir qeyri-professionallıq göstərdilər, elə bir səhvə yol verdilər ki, hətta məktəbə yenicə gedən uşaq belə bu cür bəsit səhv edə bilməz.

Azərbaycanın iradəsi...

İndi hökumətin iradəsi vacibdir. Ekspertlərə, mütəxəssislərə, tarixi danışmağı və yazmağı bacaran, bu tarixə hansı prizmadan yanaşmağı bilən mütəxəssislərə ehtiyac var. Böyük iradə lazımdır, bu sahədə vacib olan layihə hazırlanmalı və reallaşdırılmalıdır.

Qarabağda gördüyüm hər şey, hətta ən kiçik hesab olunan detallar beynəlxalq səviyyədə vacib arqument olacaq. Azərbaycan öz hüququnu və həqiqətləri dünyaya çatdırmağa çalışmalıdır. Müharibədən sonrakı indiki vaxt çox vacibdir.

İnformasiya müharibəsi...

Bu gün informasiya müharibəsi davam edir. Ölkə daxilində bunu görmək çətindir. Ancaq kənardan baxanda bu aydın görünür. Düz deyirlər ki, müharibə indi daha çox insanların şüurunda, təsəvvürlərində davam edir.

Kəlbəcər yeni istiqamətimdir, ora gedirəm. Oradakı hər qarışı çəkmək lazımdır. Vaxt gələndə, ehtiyac olanda məhz həmin şəkillər ermənilərin yalanlarını açıb göstərəcək. Bütün uçuntular, vəhşiliklər, ümumiyyətlə azad olunmuş rayonlarda hər qarış torpaq lentə alınmalı və gələcək üçün saxlanılmalıdır. Bu çox vacibdir. Əldə sübut olandan sonra ermənilər heç nəyi inkar edə bilməzlər.

Qeyd edək ki, Reza Deqati 40 ildən çoxdur dünyanı gəzib dolaşır, Qarabağda dəfələrlə olub. Otuzdan çox kitabın müəllifidir. Bir sıra beynəlxalq mükafatlar alıb. Missuri Universitetinin “Şərəf” medalına layiq görülüb, Parisin Amerika Universitetinin fəxri doktorudur. Fransa hökuməti onu Milli Cəngavərlik Ordeni ilə təltif edib. Parisdə “Mühacirin düşüncələri”, “Kəsişən talelər”, Vaşinqtonda “Bir dünya, bir tayfa”, Normandiyada “Müharibə+Sülh” və Dohada “Ümid” adlı sərgiləri təşkil olunub. Fotoqraf ümumilikdə 250 sərginin iştirakçısıdır.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Paris

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.