MƏDƏNİYYƏT
Reza Deqatinin sərgisi Azərbaycanla bağlı təəssüratımı daha da zənginləşdirdi

Paris, 29 noyabr, AZƏRTAC
Etiraf edim ki, Azərbaycan haqqında məlumatım çox az idi. Ancaq Reza Deqatinin sərgidə nümayiş etdirilən fotoları ölkəniz haqqında məlumatımı müəyyən qədər artırdı, həm də təəssüratımı daha da zənginləşdirdi. Mən Rezanın sərgisi sayəsində Azərbaycan kimi sürətlə inkişaf edən bir ölkəni kəşf etdim.
Parisdə dünya şöhrətli fotoqraf Reza Deqatinin Azərbaycana həsr olunan fotosərgisinin ziyarətçisi Paskal Ksavye bu sözləri AZƏRTAC-ın müxbirinə müsahibəsində söyləyib.
P.Ksavye bildirib ki, sərgidəki fotolarda Azərbaycan müxtəlif tərəflərdən təsvir olunub: Bir tərəfdən Azərbaycanın gözəl təbiəti, qədim tarixə malik kəndləri və burada yaşayan insanların adət-ənənələri, digər tərəfdən isə Dağlıq Qarabağ münaqişəsi zamanı böyük iztirablar keçirən insanların acı taleyi. Mən 1990-cı ilin yanvarında sovet ordusunun öz azadlığını tələb edən dinc və günahsız insanlara qarşı amansızlığından bəhs edən fotolara baxarkən daxilən keçirdiyim hissləri izah etməkdə çətinlik çəkirəm. Xüsusilə, münaqişə zamanı bütün ailə üzvlərini itirən kimsəsiz yaşlı qadının əllərini göyə uzadaraq sanki Allahdan kömək istəməsi ilə bağlı fotoya baxmaq insanı necə də kövrəldir. Rezanın əsl istedadı da insanların keçirdiyi hissləri, onların daxili aləmlərini qabarıq şəkildə tamaşaçılara çatdırmasıdır.
P.Ksavye deyib ki, çoxşaxəli yaradıcılıq imkanlarına malik Rezanın başqa fotolarına tamaşa edərkən Azərbaycanın qədim tarixi, zəngin mədəniyyəti, gözəl təbiəti barədə təsəvvür yaratmaq mümkündür. Duyğuları olduğu kimi tamaşaçıya çatdırması onun həm təcrübəsindən, həm istedadından, həm də insanlara məhəbbətindən irəli gəlir. Məhz elə buna görə də məşhur fotoqrafın Azərbaycana həsr etdiyi sərgidə nümayiş etdirilən fotoların əksəriyyətində ölkənin müxtəlif yaşlı nümayəndələri təsvir olunub.
“Sərgi ilə tanışlıq məndə yaxın vaxtlarda Azərbaycana səfər etmək, bu ecazkar ölkə ilə daha yaxından tanış olmaq, insanlarla ünsiyyətdə olmaq arzusu yaratdı”, - deyə P.Ksavye bildirib.
Əsgər Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Paris