İQTİSADİYYAT
Rezident xarici elektron pul kisəsindən yerli bank hesabına pul köçürərkən vergi tutulurmu?
Bakı, 27 avqust, AZƏRTAC
Rezident tərəfindən xarici elektron pul kisəsindəki vəsaitin bank hesablarına köçürülməsinə görə vergi tutulmur.
Dövlət Vergi Xidmətindən AZƏRTAC-a bildirilib ki, Azərbaycan Respublikasının rezidentləri tərəfindən qeyri-rezident şəxslərə məxsus elektron pul kisəsində yaradılan hesaba pul köçürüldüyü halda isə əməliyyatı həyata keçirən yerli bank tərəfindən həmin rezidentdən köçürülən məbləğin 10 faizi miqdarında ödəmə mənbəyində vergi tutulur.
Bundan əlavə, Vergi Məcəlləsinə əsasən, elektron ticarət qaydasında işlərin və xidmətlərin alıcısı, habelə Azərbaycan Respublikasının hüdudlarından kənarda elektron qaydada təşkil olunan lotereyaların (o cümlədən virtual lotereyaların), idman mərc oyunlarının, digər yarışların və müsabiqələrin iştirakçısı vergi orqanlarında uçotda olmayan şəxs olduqda, ödənişi aparan yerli bank və ya xarici bankın Azərbaycan Respublikasındakı filialları tərəfindən hesablanan ƏDV alıcının vəsaiti hesabına büdcəyə ödənilir.