ELM VƏ TƏHSİL


Rezidentura üzrə sınaq imtahanına onlayn qeydiyyat davam edir

Bakı, 11 mart, AZƏRTAC

Rezidenturaya qəbul olmaq istəyən namizədlər üçün qəbul imtahanının birinci mərhələsi (baza fənləri üzrə biliklərin qiymətləndirilməsi) üzrə martın 16-da keçiriləcək sınaq imtahanına qeydiyyat davam edir.

Dövlət İmtahan Mərkəzindən (DİM) AZƏRTAC-a bildirilib ki, sınaq imtahanı DİM-in Nəsimi rayonu, A.Salamzadə küçəsi, 28 ünvanında yerləşən binasında elektron formada keçiriləcək və saat 10:00-da başlayacaq.

Sınaq imtahanında iştirak etmək istəyənlər martın 15-i saat 17:00-dək DİM-in internet saytında qeydiyyatdan keçməlidirlər.

Sualların cavablandırılmasına 2 saat 30 dəqiqə vaxt ayrılır. Sınaq imtahanında iştirak etmək üçün ödənişin məbləği 30 (otuz) AZN-dir. İmtahanda iştirak etmək istəyən namizədlər DİM-in internet saytında “Şəxsi kabinet”lərini yaratmalıdırlar. “Şəxsi kabinet” bir dəfə yaradılır və daim istifadə edilə bilər. Kabinet yaradılan zaman onun pul hesabı da açılır. Ödəniş üçün nəzərdə tutulan məbləği “Şəxsi kabinet”də olan hesaba daxil etmək üçün müxtəlif ödəniş üsullarından (ətraflı məlumat payment.dim.gov.az saytında verilib) yararlanmaq olar.

Qeyd edək ki, rezidentura tibb ixtisasları üzrə baza ali tibb təhsili əsasında həkim-mütəxəssis hazırlığı formasıdır. Rezidenturaya qəbul dövlət təhsil standartına uyğun olaraq hazırlanmış baza ali tibb təhsili proqramları əsasında, Nazirlər Kabinetinin 2011-ci il 14 iyun tarixli qərarı ilə təsdiq edilmiş “Rezidenturada həkim-mütəxəssis hazırlığı aparılan ixtisasların təsnifatı”nda qeyd olunan həkim-mütəxəssis ixtisasları üzrə aparılır.

Rezidenturada ayrı-ayrı həkim-mütəxəssis ixtisasları üzrə təhsil müddəti 2 ildən 5 ilə qədərdir. Rezidenturada həkim-mütəxəssis hazırlığı Səhiyyə Nazirliyi tərəfindən müəyyən edilmiş klinik bazalarda və Naxçıvan Dövlət Universitetinin tibb fakültəsində aparılır. Azərbaycan Respublikasının vətəndaşları üçün rezidenturada təhsil dövlət sifarişi əsasında həyata keçirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.