ELM VƏ TƏHSİL
Rezidenturaya boş qalan plan yerlərinə qəbul üçün keçirilmiş müsabiqənin nəticələri açıqlanıb
Bakı, 19 oktyabr, AZƏRTAC
Dövlət İmtahan Mərkəzi (DİM) 2021/2022-ci tədris ili üçün rezidenturaya boş qalan plan yerlərinə qəbulun nəticələrini açıqlayıb.
DİM-dən AZƏRTAC-a bildirilib ki, namizədlər müsabiqənin nəticələri haqqında məlumatı DİM-in internet saytından və ya mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.
Boş qalan 16 plan yeri üzrə 47 namizəd müsabiqədə iştirak edib. Onlardan 16 nəfəri rezidenturaya qəbul olub.
Rezidenturaya qəbul olunanlar tələb olunan sənədləri oktyabrın 21-i saat 10:00-dan 13:00-dək müvafiq qurumların (Naxçıvan Dövlət Universitetinə qəbul olmuş şəxslər muxtar respublikanın Səhiyyə Nazirliyinin, Azərbaycan Tibb Universitetinə və digər klinik bazalara qəbul olmuş şəxslər Səhiyyə Nazirliyinin) müəyyən etdiyi müəssisələrdə yaradılmış işçi qrupa təqdim etməklə qeydiyyatdan keçməlidirlər. Daha ətraflı məlumat Səhiyyə Nazirliyinin rəsmi internet saytında veriləcək.
Qəbul olanların bu müddətdə qeydiyyatdan keçməməsi onların yerləşdirildiyi ixtisas üzrə təhsil almaqdan imtinası kimi qiymətləndiriləcək və onların adları qəbul olanların siyahısından çıxarılacaq.
Naxçıvan Dövlət Universitetinə qəbul olmuş şəxslər qeydiyyatın aparılma qaydaları haqqında məlumatla Naxçıvan Dövlət Universitetinin rəsmi internet saytında tanış ola biləcəklər.