ELM VƏ TƏHSİL


Rezidenturaya qəbul imtahanının 1-ci mərhələsinin 2-ci cəhdində iştirak etmək üçün qeydiyyat başlanır

Bakı, 16 iyul, AZƏRTAC

Əsas (baza ali) tibb təhsili əsasında rezidenturaya qəbul imtahanının 1-ci mərhələsinin (baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanının) 2-ci cəhdində iştirak etmək üçün namizədlərin qeydiyyatı iyulun 16-dan 22-dək internet vasitəsi ilə aparılır.

Dövlət İmtahan Mərkəzindən AZƏRTAC-a bildirilib ki, 2021-ci ilin iyun ayında keçirilmiş qəbul imtahanında iştirak etmək üçün sənəd verən namizədlər təkrar imtahanda (2-ci cəhddə) iştirak etmək istədikləri təqdirdə “Şəxsi kabinet”lərinin hesabına imtahanda iştirak haqqını (60 AZN) əlavə edib Mərkəzin internet saytının müvafiq səhifəsinə (http://eservices.dim.gov.az/erizerez/erize/?frm=egov) daxil olmaqla qeydiyyatdan keçirlər.

İlk imtahanda iştirak etmək üçün qeydiyyatdan keçməyən namizədlər də bu imtahana yazıla bilərlər. Həmin şəxslər Mərkəzin internet saytının ekabinet.dim.gov.az səhifəsində “Şəxsi kabinet” yaratdıqdan sonra ərizə vermək üçün tələb olunan məbləği (60 AZN) onun hesabına əlavə edirlər. Hesaba məbləği əlavə etmək üçün ödəniş üsulları ilə epayment.dim.gov.az internet səhifəsində tanış olmaq mümkündür. Bu namizədlər də http://eservices.dim.gov.az/erizerez/erize/?frm=egov səhifəsinə daxil olub “Namizədin elektron ərizəsi” formasını doldurur və təsdiq edirlər. Ərizəsini təsdiq etmiş namizədlər imtahana qeydiyyatdan keçmiş hesab olunurlar.

Məlumat üçün qeyd edək ki, baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanının 2-ci cəhdi avqustun 4-də, ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanının isə sentyabr ayında keçirilməsi planlaşdırılır.

Namizədlərə hər mərhələdə 100 test tapşırığı təqdim olunur. Hər iki mərhələdə namizədin hər bir test tapşırığına düzgün cavabı 1 balla qiymətləndirilir. Səhv cavablar namizədin imtahan nəticəsinə təsir göstərmir. İxtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanından “məqbul” alan (40 və daha çox bal toplayan) namizədlər buraxılır.

İmtahan suallarının cavablandırılmasına 2 saat 30 dəqiqə vaxt ayrılır.

2020-ci ildə baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanından “məqbul” nəticə əldə etmiş və rezidenturaya qəbul olunmaq hüququna malik olan, lakin 26 may – 4 iyun tarixlərində ərizə qəbulunda iştirak etməmiş namizədlər də ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanında (II mərhələ) iştirak edə bilmək üçün iyulun 16-dan 22-dək ərizə verə bilərlər.

Baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına əsas (baza ali) tibb təhsilinin III kursunu tam bitirmiş (semestr imtahanlarını müvəffəqiyyətlə vermiş) tələbələr də buraxılır. İmtahanda iştirak etmək arzusunda olan tələbələr Mərkəz tərəfindən müəyyən olunmuş vaxtda qeydiyyatdan keçməlidirlər. Baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanından “məqbul” alan (40 və daha çox bal toplayan) tələbələr ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına yalnız rezidenturaya qəbul olunmaq hüququ əldə etdikdən, yəni əsas (baza ali) tibb təhsilini tam bitirdikdən sonra buraxılacaq (bax: “Rezidentura” jurnalı, №1, 2021, səh. 2).

Baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanından “məqbul” alan namizədlərin nəticəsi 5 (beş) il müddətində qüvvədə qalır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.