ELM VƏ TƏHSİL
Rezidenturaya qəbul imtahanının ikinci mərhələsinin nəticələri açıqlanıb
Bakı, 9 iyul, AZƏRTAC
2018/2019-cu tədris ili üçün Azərbaycanda baza ali tibb təhsili əsasında həkim-mütəxəssislərin hazırlanması məqsədilə rezidentura səviyyəsinə qəbul imtahanının ikinci mərhələsinin nəticələri açıqlanıb.
Dövlət İmtahan Mərkəzindən (DİM) AZƏRTAC-a bildirilib ki, imtahan nəticələri mərkəzin internet saytında yerləşdirilib. İmtahanda iştirak etmiş hər bir namizəd DİM-in internet saytına daxil olaraq imtahan nəticələri və cavab kartının qrafik təsviri ilə tanış ola bilər. Namizədlər imtahan nəticələri barədə məlumatı, mobil telefonla 7727 nömrəsinə iş nömrələrini göndərməklə də öyrənə bilərlər.
Nəticələrə əsasən, imtahanda iştirakı gözlənilən 609 namizəddən dördü imtahana gəlməyib. İmtahanda iştirak edən 605 namizəddən 529-u müsabiqə şərtini (ixtisas fənləri üzrə topladığı test balı 50-dən, ümumi balı 90‑dan az olmayan) ödəyərək ixtisaslaşma seçiminə buraxılıb.
İkinci mərhələ üzrə ən yüksək nəticə 95, hər iki mərhələ üzrə isə ən yüksək nəticə 165 bal qeydə alınıb.
Rezidenturaya qəbul olunmaq üçün ixtisas seçimi iyulun 10‑dan 16‑dək aparılacaq. Müsabiqə şərtini ödəyən namizədlər bu müddətdə elektron ərizələrinə daxil olaraq baza ali tibb təhsili üzrə uyğun (bitirdiyi fakültəyə müvafiq olan) ixtisasları “Rezidentura” jurnalının üçüncü nömrəsində dərc edilmiş “Rezidenturaya qəbul aparılan ixtisaslar” bölümündən seçib təsdiqləməlidirlər. “Rezidentura” jurnalının üçüncü nömrəsində “Namizədin elektron ərizəsi”ndə ixtisasların seçimi və təsdiqi üçün təlimat, “Namizədin elektron ərizəsi”ndə ixtisas seçimi formasının nümunəsi, rezidenturaya qəbul aparılan ixtisaslar və onların plan yerləri də dərc edilib.
Bu nömrədə, həmçinin 2017-ci ildә rezidenturaya qәbul müsabiqәsindә klinik bazaların ixtisasları üzrə formalaşmış keçid balları, qəbul planının müqayisəli təhlili və namizədlər üçün tövsiyələr də təqdim olunub.