ELM VƏ TƏHSİL
Rezidenturaya qəbulun nəticələri açıqlanıb
Bakı, 5 oktyabr, AZƏRTAC
Dövlət İmtahan Mərkəzi rezidenturaya qəbulun nəticələrini elan edib.
Mərkəzdən AZƏRTAC-a bildirilib ki, namizədlər müsabiqənin nəticələri haqqında məlumatı DİM-in internet saytından və ya mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.
Qəbul imtahanının nəticələrinə əsasən müsabiqədə iştirak edən 541 namizəddən 419 nəfər təhsilini rezidenturada davam etdirmək hüququ qazanıb. Onların 141 nəfəri oğlan, 278 nəfəri qızdır. 234 namizəd cari ilin, 185 namizəd isə əvvəlki illərin məzunudur. Qəbul olanların siyahısının və ixtisaslaşmalar üzrə formalaşmış keçid ballarının əks olunduğu “Rezidentura” jurnalının 4-cü nömrəsini oktyabrın 6-dan etibarən abiturient.az saytından PDF formatda əldə etmək mümkün olacaq.
Rezidenturaya qəbul olanlar tələb edilən sənədləri oktyabrın 12-dən 15-dək müvafiq qurumların (Tibb Universitetinin Hərbi tibb fakültəsinə qəbul olmuş şəxslər Müdafiə Nazirliyinin, Naxçıvan Dövlət Universitetinə qəbul olmuş şəxslər Naxçıvan MR Səhiyyə Nazirliyinin, Tibb Universitetinə və digər klinik bazalara, o cümlədən İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialına qəbul olmuş şəxslər Səhiyyə Nazirliyinin) müəyyən etdiyi müəssisələrdə yaradılmış işçi qrupa təqdim etməklə qeydiyyatdan keçməlidirlər. Daha ətraflı məlumat Səhiyyə Nazirliyinin rəsmi internet saytında veriləcək.
Rezidenturaya qəbul olanların bu müddətdə qeydiyyatdan keçməməsi onların yerləşdirildiyi ixtisas üzrə təhsil almaqdan imtinası kimi qiymətləndiriləcək və onların adları qəbul olanlar siyahısından çıxarılacaq.
Naxçıvan Dövlət Universitetinə qəbul olmuş şəxslər isə qeydiyyatın aparılma qaydaları haqqında məlumatla bu ali təhsil müəssisəsinin rəsmi internet saytında tanış ola biləcəklər.