ELM VƏ TƏHSİL
Rezidenturaya sənəd qəbulu davam edir: 703 namizəd ərizəsini təsdiqlədib
Bakı, 20 fevral, AZƏRTAC
2019/2020-ci tədris ili üçün rezidenturaya sənəd qəbulu davam edir.
Dövlət İmtahan Mərkəzindən AZƏRTAC-a bildirilib ki, fevralın 20-si saat 16:30-a olan məlumata görə, 703 namizəd (Azərbaycan bölməsi - 619; rus bölməsi - 84) elektron ərizəsini təsdiqlədib. 74 namizəd isə elektron ərizəsini yadda saxlasa da, təsdiq etməyib. Elektron ərizəsini təsdiq etməyənlər, həmçinin imtahanda iştirak etmək istəyən digər namizədlər fevralın 21-i saat 23.59-dək ərizələrini təsdiq etməlidirlər.
Rezidenturaya qəbul imtahanında iştirak etmək üçün ərizə qəbulu internet vasitəsi ilə aparılır. İmtahanda iştirak etmək üçün namizədlər ekabinet.dim.gov.az səhifəsində “Şəxsi kabinet” yaratdıqdan sonra “Şəxsi kabinet”inin istifadəçi adı və parolundan istifadə etməklə qeyd olunan vaxtədək mərkəzin internet saytının müvafiq səhifəsinə (http://eservices.dim.gov.az/erizerez/erize/?frm=egov ) daxil olub “Namizədin elektron ərizəsi” formasını doldurur və təsdiq edirlər (etdirirlər).
Ərizəsini təsdiq etməyənlər imtahana buraxılmırlar.