MƏDƏNİYYƏT


Rezo Çxeidze və “Əsgər atası” yenidən Bakıda

Bakı, 20 may (AZƏRTAC). Suliko Jqentinin ssenarisi əsasında rejissor Rezo Çxeidzenin 1964-cü ildə çəkdiyi “Əsgər atası” bədii filmini tamaşaçıya təqdim etməyə ehtiyac yoxdur. Bu film yaşlı nəslə də, gənclərə də yaxşı tanışdır.

Qoca kəndli Georgi Maxaraşvili yaralı oğluna baş çəkməyə gedir. Hospitalda onu görməyən Georgi oğlunun axtarışına çıxır və onu cəbhədə tapmaq ümidi ilə müharibənin bütün kəşməkəşlərindən keçir. Georginin başına çox işlər gəlir. Müharibədə müxtəlif hadisələrin şahidi olan bu qoca, sovet döyüşçüləri sırasına qəbul edilməsinə nail olur. Tale döyüşlərdən birində ata ilə oğulu görüşdürür. Lakin onların görüşü qısamüddətli olur: oğul mərmi yarasından atasının qolları arasında keçinir. Filmin süjeti belədir.

SSRİ Xalq Artisti Serqo Zakariadze ölməz ata və əsgər obrazı yaratmışdır. Demək olar ki, bütün film bu obraz üzərində qurulmuşdur. Filmi sovet əsgərinə yazılmış himn adlandırmaq olar. Serqo Zakariadzenin misilsiz ifası ümumiləşdirilmiş əsgər, vətənin müdafiəçisi obrazıdır və onun yaşının, hansı millətdən olmasının fərqi yoxdur.

Serqo Zakariadze bu roluna görə bir çox mükafatlar - 1965-ci ildə Moskvada keçirilmiş beynəlxalq kino festivalında (BKF) ən yaxşı kişi rolunun ifasına görə mükafat, 1965-ci ildə Lenin komsomolu mükafatı, 1966-cı ildə Lenin mükafatı almışdır.

1966-cı ildə Romada “Kapitoli Yupiteri” BKF-kino icmalında Rezo Çxeidzeyə “Kapitoli Yupiteri” mükafatı, 1970-ci ildə isə Gürcüstan SSR-in Lenin komsomolu mükafatı verilmişdir.

İllər keçməsinə baxmayaraq, filmə yenə də maraq çoxdur. Bu dəfə tamaşaçıya yeni formatda filmin rəngli müəllif versiyası təqdim olunur.

Bu barədə filmin rejissoru Rezo Çxeidze mayın 20-də Bakıda filmin rəngli versiyasının təqdimatı ilə əlaqədar Nizami Kino Mərkəzində keçirilmiş mətbuat konfransında demişdir.

Bakı kinematoqrafçılarının köhnə dostu olan R.Çxeidze filmlərin çəkilişləri barədə xatirələrini bölüşmüş, bu filmi çəkmək ideyasının necə yarandığından danışmışdır.

Rejissor demişdir: “Filmin ssenari müəllifi Suliko Jqenti özü bu müharibədə döyüşmüş, onun bütün dəhşətlərini öz gözləri ilə görmüşdür. O, filmin qəhrəmanı Georgi Maxaraşvili kimi yaralanaraq hospitalda yatmış və atası ona baş çəkmişdir.

Sonra biz Moskvada bir yerdə oxumuşuq, o, ssenariçi idi, mən isə rejissorluq şöbəsində oxuyurdum. Beləliklə, biz onun xatirələri əsasında film çəkməyi qərara aldıq. Qəribə də olsa, film ümumittifaq ekranına çətinliklə çıxdı. Ssenariyə, baş rolun ifaçısı Serqo Zakariadzeyə etirazlar oldu. Lakin sonra filmin nəinki Sovet İttifaqının, hətta bütün dünya ekranlarına zəfər yürüşü başlandı.

Uzun illər keçdiyinə baxmayaraq, film indi də böyük maraq doğurur. Amerikalılar özləri filmin rəngli variantını çəkməyi rejissora təklif etmişlər. Onlar bilirlər ki, bu xərclərin əvəzi artıqlaması ilə çıxacaqdır, çünki xalq bu filmi sevir və həmişə ona böyük maraqla baxır”.

“Əsgər atası” filminin ilk təqdimatı 1965-ci ildə Bakıda olmuşdur.

R.Çxeidze demişdir: “Bakı ilə məni çox şey birləşdirir. Sonrakı filmlərimin bir çox epizodlarını məhz burada çəkmişəm.

Rəngli variantın ilk təqdimatı Qələbə günü ərəfəsində Moskvada olmuşdur, ikinci təqdimat isə bu gün burada – Bakıda keçirilir”.

Yaşının çox olduğuna baxmayaraq, Rezo Çxeidzenin yaradıcılıq axtarışları davam edir. İndi o, yeni film üzərində işə başlamağa hazırlaşır. Filmin ssenarisi artıq hazırdır.

Sizə uğurlar, batona Rezo, ömrünüz uzun olsun!

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.