SİYASƏT
Riad Məmmədov: Mən Vətənim qarşısında çox böyük məsuliyyət hiss edirəm
Moskva, 8 aprel, AZƏRTAC
P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasının aspirantı, beynəlxalq müsabiqələr laureatı, Prezident təqaüdçüsü, Ümumrusiya Azərbaycanlılar Konqresinin mədəniyyət və incəsənət məsələləri üzrə müşaviri Riad Məmmədov 2015-ci ildə Bakıda keçiriləcək Birinci Avropa Oyunlarının musiqi üzrə direktorunun assistenti təyin edilib.
Gənc pianoçu AZƏRTAC-ın müxbirinə müsahibəsində belə bir prestijli vəzifəyə təyin edilməsi və idman yarışlarının açılış mərasiminə hazırlaşması barədə söhbət açaraq qeyd edib ki, bu təyinata qədər uzun bir yol keçib.
R.Məmmədov deyib: “Hər şey 2011-ci ildə başlandı. O vaxt “Music Aeterna” orkestrinin solisti Georgi Mansurov və mən Üzeyir Hacıbəyli adına musiqi festivalı çərçivəsində Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının səhnəsində Vyana klassik musiqi konserti təşkil etdik. Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bizi çox dəstəklədi və bu gün də dəstəkləməkdə davam edir. Sonra Fərhad Bədəlbəylinin dəvəti ilə biz Qəbələdə keçirilən musiqi festivalında çıxış etdik. Bir neçə ildən sonra Georgi Mansurov ilə mən Beynəlxalq Dyaqilev festivalında RELOVE “Bomba” musiqili-poetik performansını təqdim etdik. Dyaqilev festivalının bədii rəhbəri Rusiyanın və Yunanıstanın tanınmış dirijoru Teodor Kurentzisdir. İş elə gətirdi ki, mən dirijorun qardaşı Vangelino Kurentzis ilə tanış oldum. Bu gün o, Bakıda keçiriləcək Avropa Oyunlarının açılış mərasiminin assosiativ musiqi direktorudur. Mərasimin bədii rəhbəri isə yunanıstanlı məşhur xoreoqraf və rəssam, 2004-cü ildə Afina Olimpiadasının rejissoru olmuş Dimitris Papaioannu olacaq. “Creative Team Opening Ceremony” yaradıcılıq qrupunda işləmək böyük xoşbəxtlikdir. Axı, bu qrupa dünya miqyaslı mədəniyyət xadimləri daxildir. Mən bu qrupun tərkibində yeganə azərbaycanlı olduğuma görə həm “Creative Team” qarşısında, həm də öz Vətənim qarşısında çox böyük məsuliyyət hiss edirəm”.
Riad Avropa Oyunlarının açılış mərasiminə hazırlıq barədə söhbətində musiqili proqramın iştirakçılarının adlarını çəkmədi, lakin açılış mərasiminin təşkilinə orijinal yanaşması ilə qonaqları və tamaşaçıları heyrətləndirəcəyini vəd etdi. Onun sözlərinə görə, 2015-ci il Avropa Oyunlarının açılış mərasimi hamının yadında əsrimizin ən parlaq şousu kimi qalacaq.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva