MƏDƏNİYYƏT


Riad Qasımov: İçərişəhərdə təmir işləri qətiyyən tikinti mahiyyəti kəsb etmir

Bakı, 26 aprel, AZƏRTAC

İçərişəhərin Kiçik Qala küçəsində, Qala divarları boyunca yerləşən və abidələrə heç bir zərər yetirməyən kafe və restoranların təmiri həyata keçirilir. Təmir işləri qətiyyən tikinti mahiyyəti kəsb etməyərək, sadəcə qonaqlara yüksək səviyyəli xidmətin göstərilməsi məqsədilə aparılan rekonstruksiya işlərindən ibarətdir.

AZƏRTAC xəbər verir ki, bunu “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin aparat rəhbəri Riad Qasımov mətbuat konfransında deyib.

Onun sözlərinə görə, son günlər sosial şəbəkələrdə İçərişəhərlə bağlı paylaşılan fotoşəkillər köhnə şəkillərdi. Orada görünən kərpic və materiallar qətiyyən Qala divarları ilə əlaqəli deyil. Hazırda sözügedən ərazidə yalnız yüngül metaldan ibarət dayaqlar mövcuddur və bu dayaqlar abidədən 1,5 metr aralı quraşdırılıb.

Bildirib ki, son illər Qız qalası, Şirvanşahlar Sarayı Kompleksi, Məhəmməd məscidi, Dördbucaqlı qala, Bəylər məscidi, Qala divarları və digər dünya və ölkə əhəmiyyətli tarixi-memarlıq abidələrində uğurla tamamlanmış çoxsaylı bərpa və konservasiya işləri həyata keçirilib.

“İdarənin hər il yenilənən bərpa və konservasiya proqramına əsasən, Qoruq ərazisində mövcud olan tarix və mədəniyyət abidələrinin qorunması, memarlıq-estetik görünüşünün və uzunömürlülüyünün təmin edilməsi üçün daimi olaraq müvafiq tədbirlər həyata keçirilir. Qeyd etməliyik ki, həmin ərazidə yerləşən ictimai iaşə obyektləri artıq 10 ilə yaxındır fəaliyyət göstərir və bu müddətdə obyektlər təmir edilməyib. Ona görə də qonaqlara keyfiyyətli servisin göstərilməsi, onların rahatlığının təmin edilməsi, avadanlıq və dizayn baxımından müasir standartlara uyğunlaşdırmaq kimi məqsədlərə əsaslanan təmir işləri zəruridir. Bu üslubda təmir-bərpa işləri Qoşa qala divarlarına heç bir zərər vurmamaqla yanaşı, nə İçərişəhərin, nə də Qala divarlarının görünüşünə xələl gətirmir”, - deyə aparat rəhbəri qeyd edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.