DÜNYA
Riqada baş vermiş faciənin qurbanlarına görə Latviyada üç günlük matəm başlanmışdır VİDEO
Riqa, 23 noyabr (AZƏRTAC). Riqada baş vermiş faciənin qurbanlarına görə Latviyada üç günlük matəm başlanmışdır. Noyabrın 21-də Zolitudedə “Maxima” supermarketinin binasının uçması nəticəsində 52 nəfər həlak olmuş, onlarca adam xəsarət almışdır.
Həlak olanların xatirəsinə ehtiram əlaməti olaraq noyabrın 23, 24 və 25-də Latviyada dövlət bayraqları endiriləcəkdir. Noyabrın 23-də səhər saat 10-da həlak olanların xatirəsi bir dəqiqəlik sükutla anılmışdır.
Latviya ilə həmrəylik əlaməti olaraq noyabrın 24-də Litva və Estoniyada da matəm elan ediləcəkdir.
Zolitude faciəsi müstəqil Latviyada insan tələfatının sayına görə ən böyük faciədir. 2007-ci ildə qocalar üçün “Reqi” pansionatında baş vermiş yanğın nəticəsində 26 adam həlak olmuşdu.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Riqa