SİYASƏT
Riqada ulu öndər Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü qeyd edilmişdir
Riqa, 9 may (AZƏRTAC). Mayın 9-da Azərbaycanın Latviyadakı səfirliyində ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə tədbir keçirilmişdir. Tədbirdə səfirliyin əməkdaşları, Azərbaycan diasporunun, KİV-lərin nümayəndələri iştirak etmişlər.
Azərbaycanın Latviyadakı səfiri Elman Zeynalov demişdir ki, hər il bütün dünyada azərbaycanlılar ulu öndər, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin anadan olması gününü qeyd edirlər. E.Zeynalov bugünkü Azərbaycanın təşəkkülündə və möhkəmlənməsində görkəmli dövlət xadiminin əvəzedilməz xidmətlərindən danışmışdır.
Səfir 9 may gününün İkinci Dünya müharibəsində faşizm üzərində Qələbə günü kimi qeyd edildiyini xatırladaraq bildirmişdir ki, Azərbaycan xalqı tarixi qələbəyə sanballı töhfə vermişdir. E.Zeynalov demişdir: “Qələbənin qazanılmasında çox böyük xidmətləri olan xalqımız 600 min nəfərdən çox oğul və qızını cəbhəyə göndərmişdir. İkinci Dünya müharibəsində Azərbaycanın oğul və qızlarının qəhrəmanlığı heç vaxt yaddaşdan silinməyəcəkdir”. Haqlı olaraq qəhrəman şəhər adlandırılan neft Bakısının da böyük qələbəyə misilsiz köməyi olmuşdur. Qeyd edilmişdir ki, müharibə illərində Sovet İttifaqında çıxarılan neftin dörddə üç hissəsi, aviasiya benzininin və yüksək keyfiyyətli motor yağlarının 85-90 faizi Azərbaycanın payına düşürdü.
Azərbaycan diasporunun ağsaqqalı Adıgözəl Məmmədov demişdir ki, ümummilli lider Heydər Əliyev xaricdə yaşayan azərbaycanlıların problemlərinə böyük diqqət yetirirdi. Dünyanın müxtəlif ölkələrində Azərbaycan diasporunun sıx birləşməsində Ulu Öndərin xüsusi rolu olunmuşdur.
Digər çıxış edənlər də dünyada böyük hörmət və nüfuz qazanmış, Azərbaycanı tərəqqiyə qovuşdurmuş dahi şəxsiyyət, görkəmli dövlət xadimi Heydər Əliyev haqqında fikirlərini bölüşmüşlər.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Riqa