MƏDƏNİYYƏT
Riqadakı Dom kilsəsində Azərbaycan bəstəkarlarının əsərləri səslənmişdir VİDEO
Riqa, 19 sentyabr (AZƏRTAC). Baltikyanı ölkələrin orta əsrlərdən qalmış ən iri məbədində - Riqadakı Dom kilsəsində istedadlı Azərbaycan musiqiçiləri Natəvan Quliyeva və Rasimə Babayevanın ifasında orqan musiqisi konserti olmuşdur. Renessansdan müasir dövrə qədər böyük bir zaman fasiləsini əhatə edən konsert repertuarında istedadlı musiqiçilərin incə zövqü, səmimiliyi və emosionallığı hiss olunurdu.
Orqan sinfi üzrə aspirant, perspektivli və istedadlı musiqiçi Natəvan Quliyeva Nikolas de Qrinyinin “Himn Veni Creator”, F.Listin “Prelüdiya və fuqa” əsərlərini, həmçinin Qara Qarayevin “Don Kixot” simfonik qravürlərinin üç hissəsini ifa etmişdir.
Professor Rasimə Babayeva xarici ölkələrdə də müntəzəm konsert fəaliyyəti ilə məşğul olur. Onun ifasında Azərbaycan musiqisi - Nazim Əliverdibəyovun “Bayatı Şiraz”, Qara Qarayevin “Düşüncə” (orqan üçün işləyən T.Yaqubova), Vaqif Mustafazadənin “Mart”, Aqşin Əlizadənin “Muğam sədaları”, Xəyyam Mirzəzadənin “Ağlar-qaralar” əsərləri Dom kilsəsinə qeyri-adi ovqat gətirmişdir.
Konsertin çox güclü təsir bağışladığı tamaşaçılar Azərbaycan sənətçilərinin ifasını ayaq üstə alqışlamışlar.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Riqa