CƏMİYYƏT


Riqalılar Azərbaycan nar şirəsini sağlamlıqlarını qorumaq məqsədilə istifadə edir

Riqa, 22 fevral, AZƏRTAC

Qış mövsümünün olması, günəşin nadir hallarda görünməsi bu dövr üçün populyar olan virus və xəstəliklərdən qorunmağı labüd edir. Hazırda Latviyada insanları ən çox qorxudan geniş yayılmış qrip virusuna yoluxmaqdır. Virusdan qorunmaq üçün əhali xalq təbabətindən geniş istifadə edir.

AZƏRTAC-ın müxbirinin Riqa Mərkəzi Bazarındakı araşdırmasına əsasən, yerli əhali viruslardan qorunmaq üçün ən çox qarağat, ürək xəstəliklərini önləmək, qanazlığını aradan qaldırmaq üçün - nar, öskürəkdən qurtulmaq üçün isə palıd qozasına üstünlük verir.

Alıcıların ən sevdiyi nar şirələri isə məhz Azərbaycandan idxal olunan məhsuldur. Satıcılar məhz Azərbaycan məhsulunun çox sevildiyini və satıldığını qeyd edirlər. Onlar qeyd edirlər ki, içində heç bir əlavə qarışıq maddəsi olmayan, konservantsız nar şirələrinin litri bazarda 8 avroya satılır.

Satıcılar qeyd edir ki, xüsusən uşaqlar üçün məsləhət görülən nar şirələri onlarda qanazlığı, halsızlıq, fikir dağınıqlığı kimi simptomları aradan götürür. “Biz bu şirəni səhərlər acqarına içirik. İçindəki dənələr də çox xeyirlidir, onlar bağırsaqlarda təbii fırça effekti yaradır. Burada şirin ispan narları da satılır, lakin onlar keyfiyyətinə və tibbi cəhətdən xeyirli göstəricilərinə görə Azərbaycan narı ilə müqayisə oluna bilməz”,- deyə alıcılar da razılıq edir.

Aygün Əliyeva

AZƏRTAC-ın xüsusi müxbiri

Riqa

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.