ELM VƏ TƏHSİL
Riyaziyyat və Mexanika İnstitutu “TEKNOFEST Azərbaycan” festivalında innovativ texnologiyalar təqdim edəcək
Bakı, 16 may, AZƏRTAC
AMEA-nın Riyaziyyat və Mexanika İnstitutu mayın 26-29-da “TEKNOFEST Azərbaycan” Aviasiya, Kosmos və Texnologiya festivalı çərçivəsində təşkil olunacaq sərgidə iştirak edəcək.
Bu barədə AZƏRTAC-a Riyaziyyat və Mexanika İnstitutunun Maye və qaz mexanikası şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü Qeylani Pənahov məlumat verib. O, elmi müəssisənin təqdim edəcəyi texnologiyaların neft-qaz sənayesində həyata keçirilən işlərin səmərəliliyinin artırılmasında mühüm rol oynayacağını və onların artıq dünyanın bir çox ölkələrində sınaqdan keçirildiyini diqqətə çatdırıb.
Alim bildirib ki, sərgidə nümayiş olunacaq karbohidrogenlərin çıxarılması, nəqli və saxlanılması həlləri ilə bağlı təqdimatda karbohidrogenlərin axın və süzülmələri zamanı yaranan çətinliklər, onların aradan qaldırılması məsələləri ilə əlaqədar tədqiqatlar, alınan patentlər, bu istiqamətdə effektivliyin artırılması üçün yaradılan innovativ texnologiyalar, onların müəyyən sənaye sahələrində tətbiq olunma coğrafiyası barədə məlumat veriləcək.
Q.Pənahov yaratdıqları özlü-elastiki kompozit sistemlərlə müxtəlif diametr və relyefə malik boru kəmərlərinin təmizlənməsi, yüksək qaz faktorlu neft quyularının boğulması, lay daxilində yaradılan CO₂ qaz-maye aralığı ilə neftvermə əmsalının artırılması və neft quyularında hasilatın intensivləşdirilməsi texnologiyalarının da sözügedən sərgidə təqdim olunacağını qeyd edib.
Texnologiya sahəsində ən son yeniliklərin nümayiş etdiriləcəyi sərginin işini yüksək qiymətləndirən alim bu kimi mötəbər tədbirlərin AMEA-da əldə olunan nailiyyətlərin geniş ictimaiyyətə çatdırılması baxımından böyük imkanlar açacağını vurğulayıb. O, elmi müəssisənin təklif etdiyi innovativ texnologiyaların “TEKNOFEST Azərbaycan” sərgisi iştirakçılarının marağına səbəb olacağına və bir sıra xarici tərəfdaşlarla əməkdaşlıq münasibətlərinin yaradılması və gücləndirilməsinə təkan verəcəyinə əminliyini ifadə edib.