ELM VƏ TƏHSİL
Riyaziyyatçı alimlərin növbəti elmi məqaləsi yüksək impakt faktorlu jurnalda dərc edilib
Bakı, 27 fevral, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Riyaziyyat və Mexanika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Misir Mərdanov və Optimal idarəetmə şöbəsinin baş elmi işçisi, professor Telman Məlikovun “Diskret optimal idarəetmə məsələləri üçün komponentlərə görə birinci və ikinci tərtib zəruri şərtlər” adlı elmi məqaləsi “Web of Sciences” bazasında indeksləşən, Q1 kvartilinə daxil olan “Journal of Computational and Applied Mathematics” jurnalında yer alıb.
İnstitutdan AZƏRTAC-a bildiriblər ki, məqalədə təklif olunan yeni yanaşmaya əsasən komponentlərə görə optimallıq şərtləri qlobal maksimum prinsipi formasında isbat olunur. Eyni zamanda, məqalədə komponentlərə görə məxsusi və kvazi məxsusi idarəedicilərin optimallığı üçün müxtəlif ikinci tərtib zəruri şərtlər isbat edilib.