İQTİSADİYYAT


Robert Dadli: TAP qaz boru kəməri çox əhəmiyyətli layihədir

Bakı, 22 yanvar, Nihad Budaqov, AZƏRTAC

“Trans-Adriatik” (TAP) qaz boru kəməri çox əhəmiyyətli layihədir.

AZƏRTAC “amna.gr”a istinadla xəbər verir ki, bu sözləri Böyük Britaniyanın BP şirkətinin baş icraçı direktoru Robert Dadli Davosda keçirilən Dünya İqtisadi Forumu çərçivəsində Yunanıstanın dövlət naziri Nikos Pappas ilə keçirdiyi görüşdə deyib.

R.Dadli bildirib ki, bu il “Cənub” qaz dəhlizinin mühüm hissəsi olan TAP boru kəmərinin tikintisi həyata keçiriləcək. Bir neçə ilə bu boru kəmərindən qaz nəqlinə başlanılacaq.

BP-nin baş icraçı direktoru deyib: “Cənub” qaz dəhlizi dünyanın ən böyük infrastruktur boru layihəsidir. Bu dəhliz Azərbaycan qazını Gürcüstan vasitəsilə Türkiyəyə və buradan da Yunanıstana, sonra isə İtaliya və Albaniyaya nəqlini nəzərdə tutur. BP bu layihənin iştirakçısı olmaqdan məmnundur”.

Qeyd edək ki, “Cənub” qaz dəhlizi dünyada inkişaf etdirilən ən kompleks təbii qaz boru kəmərləri zənciri kimi qiymətləndirilir. Azərbaycanın “Şahdəniz-2” yatağından hasil olunacaq qazı Avropaya daşıyacaq 3 min 500 kilometr uzunluğundakı “Cənub” qaz dəhlizi Cənubi Qafqaz Boru Kəməri (CQBK), Trans-Anadolu qaz boru kəməri (TANAP) və TAP qaz boru kəmərlərindən ibarətdir.

Uzunluğu təxminən 870 kilometr olan TAP boru kəməri Türkiyə ilə Yunanıstan sərhədində yerləşən Kipoi məntəqəsində Trans-Anadolu qaz boru kəmərinə (TANAP) birləşəcək. TAP layihəsi Xəzərin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından çıxarılan qazın Yunanıstan və Albaniya vasitəsilə, Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna, oradan da Qərbi Avropaya nəqlini nəzərdə tutur. Bu layihə Azərbaycan qazının İtaliya, Almaniya, Fransa, Böyük Britaniya, İsveçrə və Avstriya kimi böyük Avropa bazarlarına çatdırılması üçün böyük imkanlar yaradır.

TAP-ın səhmdarları belədir: bp (20 faiz), SOCAR (20 faiz), Snam S.p.A. (20 faiz), Fluxys (19 faiz), Enagás (16 faiz) və Axpo (5 faiz).

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.