İDMAN
Roberto Bordin: Komandamdan və nəticədən çox razıyam
Bakı, 13 iyul, AZƏRTAC
Komandamdan və nəticədən çox razıyam. Futbolçulardan həm də ona görə razıyam ki, qol buraxandan sonra özlərinə gələ bildilər.
AZƏRTAC xəbər verir ki, bu sözləri UEFA Avropa Liqasının birinci təsnifat mərhələsinin ilk oyunları çərçivəsində Macarıstanın “Uypeşt” komandasını “Dalğa Arena”da 3:1 hesabı ilə məğlub edən Bakının “Neftçi” klubunun baş məşqçisi Roberto Bordin deyib.
İtaliyalı baş məşqçi bildirib ki, bizim üçün çox gözəl oyun oldu. Şanslarımız az deyildi. Hətta 3 qol vuraraq, oyunu öz xeyrimizə çevirə bildik. Komandamızın üzvləri xarakter göstərdilər.
“Namik Ələskərova görə çox üzgünəm, dizindən zədələndi. Zədəsinin nə qədər ciddi olduğu hələ ki məlum deyil, amma ümid edirəm, yaxşı olacaq. Futbolçularımızın fiziki durumundan da razı qaldım. Çünki Namik zədələnəndə 10 dəqiqə azlıqda oynadıq və bu müddət ərzində komanda ikiqat güc sərf etdi. Azarkeşlərimizə təşəkkür edirəm. Onlar oyun başlayandan sonadək bizi dəstəklədilər”, - deyə Roberto Bordin əlavə edib.
Qeyd edək ki, komandalar arasında cavab oyunu iyulun 19-da Macarıstanın paytaxtı Budapeşt şəhərindəki Ferenc Szusza stadionunda təşkil olunacaq. Cütün qalibi növbəti mərhələdə İspaniyanın “Sevilya” komandası ilə qarşılaşacaq.