DÜNYA
Rod-Aylend ştatının tələbələri məhkəməyə müraciət ediblər
Vaşinqton, 28 oktyabr, AZƏRTAC
Amerikanın Rod-Aylend ştatındakı təhsilalanlar federal apellyasiya məhkəməsinə müraciət ediblər. Onlar məhkəmədən xahiş ediblər ki, bütün dövlət məktəblərində təhsilalanların Konstitusiyaya görə mülki təhsil almaq hüququna malik olmasını təsdiq etsin. İddiaçılar bildirirlər ki, onlara demokratik vətəndaş cəmiyyətində tamdəyərli iştirak etməyin yollarını öyrətmirlər və 2021-ci il yanvarın 6-da Kapitolidə baş vermiş üsyan bu cür nadanlığın əlaməti olub.
AZƏRTAC xəbər verir ki, iddiaçıların vəkillərinin sözlərinə görə, bütün ölkədəki təhsilalanlar siyasi prosesdə iştirak etməli, öz konstitusion hüquqlarını səmərəli şəkildə həyata keçirməli və mötəbər informasiyanı yalan məlumatdan fərqləndirə bilmək üçün media savadı kimi vərdişlərə yiyələnməlidirlər.
İddiaçılar Bostonda yerləşən birinci dairə apellyasiya məhkəməsinə müraciət edərək aşağı instansiya məhkəməsinin bu işə xitam verilməsi barədə qərarının ləğv olunmasını, adekvat mülki təhsil almaq üçün konstitusiya hüququnun mövcudluğunun elan edilməsini və işə yenidən baxılması üçün dairə məhkəməsinə qaytarılmasını xahiş ediblər. Onların məhkəməyə müraciətində bildirilir ki, “seçicilərin səslərinin hesablanmasında Konqresin rolunun motivasiyalı şəkildə anlamayan kütlə tərəfindən təşkil edilmiş” 6 yanvar hadisələri ilə əlaqədar məhkəmənin belə bəyanatına çox böyük ehtiyac var.
İddiaya görə təqsirləndirilən arasında Rod-Aylend ştatının qubernatoru, ştat administrasiyasının təhsil məsələləri üzrə müvəkkili və digər təhsil orqanları var. Müttəhimlərin vəkili Entoni Kottoun apellyasiya məhkəməsinə bildirib ki, məcburi hüquqi qüvvəyə malik olan presedentə görə ABŞ Konstitusiyasında təhsil almaqla bağlı fundamental hüquq təsbit olunmayıb.
AZƏRTAC-ın Vaşinqton bürosu