MƏDƏNİYYƏT
Rodolfo Milesi: Belə sərgilər Argentina ilə Azərbaycan arasında qarşılıqlı turizm əlaqələrini daha da genişləndirəcək VİDEO
Bakı, 2 aprel, Günel Əfəndiyeva, AZƏRTAC
Müasir Bakı və ölkənizin qədim tarixə malik olması argentinalıları cəlb etməkdədir. Biz argentinalı turistlərin bu ecazkar diyarı yaxından tanıması üçün lazımi işlər görməliyik.
Bu sözləri AZƏRTAC-a eksklüziv müsahibəsində Bakıda açılmış “AITF-2015” 14-cü beynəlxalq “Turizm və səyahətlər” sərgisində iştirak edən Argentinanın “Branding Latin America Group” şirkətinin rəhbəri Rodolfo Milesi deyib.
İkinci dəfə sərgidə iştirakından məmnunluğunu ifadə edən R.Milesi bildirib ki, belə sərgilər Argentina ilə Azərbaycan arasında qarşılıqlı turizm əlaqələrini daha da genişləndirəcək.
Azərbaycandakı Argentina səfirliyi və bu ölkənin Turizm Nazirliyinin tərkibində fəaliyyət göstərən Rəsmi Turizm Təşviq İnstitutu (INPROTUR) ilə birgə milli stend təşkil etdiklərini bildirən Rodolfo Milesi “AITF-2015” sərgisini yüksək qiymətləndirib. Bildirib ki, sərgi çərçivəsində ziyarətçilərə Argentina və orada olan otellər haqqında məlumat veriləcək, milli rəqsimiz tanqo şousu da təqdim olunacaq. Üç gün ərzində stendimizlə tanış olan qonaqlar həm də, Argentinaya məxsus yemək və şərabların dadına baxacaq, milli çay-mate, şirniyyat və kökələrdən də dadmaq fürsəti qazanacaqlar.
Qonaq deyib: “Sərgi çərçivəsində mühüm görüşlərimiz nəzərdə tutulub. Bu görüşlərdən ən önəmlisi Azərbaycan Turizm Assosiasiyasının (AzTA) nümayəndələri ilə keçiriləcək. Tur-operatorların Argentinaya aparılması bu görüşün əsas mövzusunu təşkil edəcək”.
Ölkəmiz haqqında çox yüksək təəssüratlarının olduğunu qeyd edən qonaq deyib ki, müasir baxımdan inkişaf edən, eyni zamanda, qədimliyini qoruyub saxlayan Bakı haqqında məlumatları argentinalılara çatdırmaq onun üçün böyük bir sevincdir. Çünki Azərbaycanın tarixi, yerləşdiyi coğrafi mövqeyi, milli adət-ənənələri argentinalıları cəlb etməyə bilməz.