QAN YADDAŞI
Roma metrosunda Xocalı soyqırımı ilə bağlı məlumatlandırıcı videoçarx yayımlanır VİDEO
Roma, 26 fevral, AZƏRTAC
İtaliyanın paytaxtı Roma şəhərindəki metro stansiyalarda Xocalı soyqırımına dair məlumatlandırıcı videoçarx yayımlanır.
AZƏRTAC xəbər verir ki, Xocalı faciəsinin 31-ci ildönümü ilə əlaqədar təşkil edilən sosial aksiya soyqırımının beynəlxalq aləmdə tanıdılması məqsədi daşıyır. Videoçarxda Azərbaycana qarşı törədilmiş amansız soyqırımı zamanı 613 nəfərin, o cümlədən 63 uşaq, 106 qadın, 70 qocanın vəhşicəsinə qətlə yetirildiyi, 8 ailənin tamamilə məhv edildiyi, 25 uşağın hər iki valideynini itirdiyi, 130 uşağın valideynlərindən birini itirdiyi, 76-sı uşaq olmaqla 487 nəfərin yaralandığı, 1275 nəfərin əsir götürüldüyü və 150 nəfərin itkin düşdüyü bildirilir.
Videoçarx yeraltı nəqliyyatdan istifadə edən yerli sakinlərin, eləcə də turistlərin diqqətini ermənilərin Xocalıda azərbaycanlılara qarşı törətdikləri soyqırımına cəlb edir.
Məlumatlandırıcı aksiya Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərliyi ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində baş tutub.
AZƏRTAC-ın xüsusi müxbiri
Roma