QAN YADDAŞI


Romada 20 Yanvar faciəsi qurbanlarının xatirəsi anılıb

Roma, 21 yanvar, AZƏRTAC

Azərbaycanın İtaliyadakı səfirliyi 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə əlaqədar anım tədbiri keçirib.

AZƏRTAC xəbər verir ki, tədbirdə İtaliyadakı Azərbaycan icmasının üzvləri, müxtəlif universitetlərdə təhsil alan azərbaycanlı tələbələr, Azərbaycanla bağlı araşdırmalar aparan italyan tədqiqatçılar iştirak ediblər.

Əvvəlcə ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqlik sükutla yad olunub.

Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadə çıxış edərək ötən əsrin 80-ci illərinin sonlarından başlayaraq Ermənistanın Azərbaycana qarşı ərazi iddialarından irəli gələn gərgin proseslərdən danışıb, Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizənin rəmzi olan 20 Yanvar faciəsinin acı nəticələri barədə məlumat verib.

Faciənin dünya ictimaiyyətinin diqqətinə çatdırılmasında və ona layiqli siyasi-hüquqi qiymətin verilməsində ulu öndər Heydər Əliyevin əvəzsiz xidmətlərini vurğulayan M.Əhmədzadə bu faciənin Azərbaycan xalqının müstəqillik əzminin güclənməsinə, milli kimliyinin təsdiqinə həlledici təsirindən, habelə ölkəmizin müstəqillik illərində keçdiyi yoldan bəhs edib.

Ölkəmizin azadlığı, suverenliyi uğrunda həlak olanların əziz xatirəsinin Prezident İlham Əliyev tərəfindən daim böyük hörmətlə yad edildiyini bildirən diplomat dövlətimizin başçısının 20 Yanvarı tariximizin şərəf və qəhrəmanlıq səhifəsi adlandırdığını deyib.

Tədbirdə Qanlı Yanvar faciəsinə dair sənədli film nümayiş olunub.

Sonda şəhidlərimizin xatirəsinə ehsan verilib.

20 Yanvar faciəsinin 30-cu ildönümü italyan mətbuatının diqqətində olub, Askanews, Agenzia Nova, Agenzia Stampa Italiana, Notizie Geopolitiche, Giornale Diplomatico və sair kütləvi informasiya vasitələrində faciə ilə əlaqədar məqalə və xəbərlər dərc olunub.

Aygün Əliyeva

AZƏRTAC-ın xüsusi müxbiri

Roma

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.