QAN YADDAŞI


Romada 20 Yanvar faciəsi qurbanlarının xatirəsi anılıb VİDEO

Roma, 20 yanvar, AZƏRTAC

Azərbaycanın İtaliyadakı səfirliyində 20 Yanvar - Ümumxalq Hüzn Gününün 33-cü ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.

Əvvəlcə ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqlik sükutla yad olunub.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın İtaliyadakı səfiri Rəşad Aslanov Xarici İşlər Nazirliyinin 20 Yanvar - Ümumxalq Hüzn Günü ilə bağlı bəyanatını tədbir iştirakçılarının diqqətinə çatdırıb. Sonra R.Aslanov ötən əsrin 80-ci illərinin sonlarından başlayaraq Ermənistanın Azərbaycana qarşı ərazi iddialarından irəli gələn gərgin proseslərdən danışıb. Bildirib ki, keçmiş SSRİ rəhbərliyinin ölkəmizə qarşı qərəzli, ermənipərəst siyasətinə, Ermənistanın təcavüzkar siyasətinin açıq-aşkar dəstəklənməsinə etiraz əlaməti olaraq ayağa qalxmış Azərbaycan xalqının üzərinə sovet ordusunun iri hərbi birləşmələrinin yeridilməsi misli görünməmiş faciəyə gətirib çıxardı, böyük itkilərlə, günahsız insanların ölümü ilə nəticələndi.

Səfir bu faciənin dünya ictimaiyyətinin diqqətinə çatdırılmasında və ona layiqli siyasi-hüquqi qiymətin verilməsində Ulu Öndər Heydər Əliyevin əvəzsiz xidmətlərinin olduğunu vurğulayaraq, qanlı faciədən dərhal sonra Ümummilli Liderin ailə üzvləri ilə birlikdə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək dünya ictimaiyyəti qarşısında kəskin etirazını bildirdiyini və SSRİ rəhbərliyinin Azərbaycan xalqına qarşı törətdiyi cinayəti ifşa etdiyini vurğulayıb. R.Aslanov məhz, Ümummilli Lider Heydər Əliyevin hakimiyyəti dövründə 20 Yanvar faciəsinə siyasi-hüquqi qiymət verilərək, həmin günün 20 Yanvar - Ümumxalq Hüzn Günü elan olunduğunu qeyd edib.

Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsi nəticəsində ölkəmizin ərazi bütövlüyünü təmin etdiyini bildirən səfir R.Aslanov ölkəmizin suverenliyi və ərazi bütövlüyü naminə canından keçmiş qəhrəman şəhidlərimizin ruhunun şad olduğunu vurğulayıb.

Tədbirdə Qanlı Yanvar faciəsinə dair foto-sərgi və sənədli film nümayiş olunub.

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Roma

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.