SİYASƏT
Romada “Avrasiyanın inkişafı: layihələr, investisiyalar, imkanlar” mövzusunda konfrans keçirilmişdir VİDEO
Roma, 16 yanvar (AZƏRTAC). Yanvarın 16-da Romada Latsio Bölgəsinin Müəssisələr Assosiasiyasının və Asiya Ticarət Layihəsinin (ATL) birgə təşkilatçılığı ilə “Avrasiyanın inkişafı: layihələr, investisiyalar, imkanlar” mövzusunda konfrans keçirilmişdir.
Konfransı açan ATL-nin icraçı direktoru Françesko Markolini tədbirin əhəmiyyətindən danışaraq bildirmişdir ki, müzakirə olunacaq mövzular beynəlxalq birliyin ortaq maraqlarını və qlobal məsələləri əhatə edir.
Qazaxıstanın İtaliyadakı səfiri Andrian Yelemessov çıxış edərək ölkəsindəki inkişaf proseslərindən, müxtəlif sahələrdə əldə olunan uğurlardan və gələcəkdə həyata keçiriləcək tədbirlərdən danışmışdır. O qeyd etmişdir ki, Qazaxıstan Avrasiya geosiyasi məkanında yaranmış problemlərin həllinə fəal töhfələr verməkdədir.
Özbəkistanın İtaliyadakı səfirliyinin müşaviri Timur Rahmanov ölkəsinin Avrasiyanın inkişafındakı rolundan, bölgədə yerləşən dövlətlər arasındakı əlaqələrin genişlənməsinin vacibliyindən danışmışdır. Müşavir demişdir ki, Özbəkistan bölgədə sabitliyin və tərəqqinin bərqərar olmasında daim yaxından iştirak edir.
Tədbirdə çıxış edən Azərbaycanın İtaliyadakı səfiri Vaqif Sadıqov ölkəmizin dinamik iqtisadi inkişafı, beynəlxalq təşkilatların bununla bağlı rəyləri haqqında danışmışdır. Səfir bildirmişdir ki, son illər respublikamızda qeyri-neft sektorunda sürətli inkişaf müşahidə olunmaqdadır. Azərbaycanın iqtisadi siyasəti beynəlxalq birlik tərəfindən yüksək qiymətləndirilir. Ölkəmiz iqtisadi artım göstəricilərinə görə dünyanın öndə gedən dövlətlərindən birinə çevrilmişdir. Bu gün Cənubi Qafqaz regionu iqtisadiyyatının 80 faizi Azərbaycanın payına düşür. Ölkəmizə yatırılan həm daxili, həm də xarici investisiyaların həcmi əhəmiyyətli dərəcədə artmışdır.
Diqqətə çatdırılmışdır ki, Azərbaycanda iqtisadi siyasət həm də sosial sahənin inkişafına yönəlmişdir. Belə ki, işsizliyin səviyyəsi 5 faizə enmişdir. Dünyanın aparıcı “Fitch”, “Moody's” və “Standard & Poor's” reytinq agentlikləri əksər inkişaf etmiş ölkələrin kredit reytinqini aşağı saldıqları halda, Azərbaycanın reytinqini artırmışlar. Azərbaycanın investisiya mühitinin əlverişli olması zəngin təbii ehtiyatları, əlverişli strateji mövqeyi, siyasi, sosial-iqtisadi, maliyyə sabitliyi və digər amillərlə sıx bağlıdır.
Vaqif Sadıqov vurğulamışdır ki, Azərbaycanın Avropa və Asiya arasında körpü rolunu oynaması ölkəmizdə böyük rəqabət üstünlükləri yaradır. Azərbaycan qısa müddətdə sürətlə inkişaf edərək investisiya yatırılan ölkədən sərmayə qoyan ölkəyə çevrilmişdir. Uğurlu iqtisadi siyasətin nəticəsində bütün dünyanı bürüyən iqtisadi böhranın Azərbaycandan yan keçdiyini deyən səfir diqqətə çatdırmışdır ki, həmin dövrdə ölkəmizdə ən yüksək inkişaf göstəricisi müşahidə olunmuşdur.
Azərbaycan-İtaliya münasibətlərinə toxunan Vaqif Sadıqov ölkələrimiz arasında yüksək səviyyəli siyasi, iqtisadi və mədəni əlaqələrin mövcudluğunu vurğulamışdır. O demişdir ki, bu gün İtaliya Azərbaycanın birinci ticarət tərəfdaşıdır. İtaliya şirkətləri ölkəmizdə qeyri-neft sektoruna, xüsusilə tikinti, infrastruktur, ərzaq sənayesi və digər sahələrə böyük maraq göstərirlər.
Səfir, həmçinin İtaliya şirkətlərinin iştirak edə biləcəyi “Bakı Ağ Şəhər”, paytaxtımızda və Sumqayıtda fəaliyyət göstərən kimya sənaye parkları və ölkəmizdə həyata keçirilən irimiqyaslı layihələr barədə də məlumat vermişdir. Vurğulamışdır ki, bu layihələr getdikcə müasirləşən Azərbaycanın inkişafına mühüm töhfə verəcəkdir.
Sonra İtaliyanın Piza Universitetinin siyasi elmlər üzrə şöbəsinin rəhbəri Andrea Ciannotti, Qazaxıstanın Almatı Universitetinin fəxri professoru Ermanno Vizintayner mövzu ilə bağlı fikirlərini bölüşmüş, Avrasiya geosiyasi məkanında cərəyan edən prosesləri təhlil etmişlər.
Maqsud Dadaşov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma