SİYASƏT
Romada IV Qlobal Bakı Forumuna yüksək səviyyəli hazırlıq görüşü keçirilir VİDEO
Roma, 27 yanvar, AZƏRTAC
Yanvarın 27-də Romada IV Qlobal Bakı Forumuna yüksək səviyyəli hazırlıq görüşü işə başlayıb. İtaliyanın Beynəlxalq Təşkilatlar üzrə Cəmiyyəti ilə əməkdaşlıq çərçivəsində Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə Senatda keçirilən və dünyanın bır sıra nüfuzlu liderlərini bir araya gətirən tədbir “Dinlərarası dialoq vasitəsilə radikallaşma və ekstremizmə cavab” mövzusuna həsr olunub.
Bolqarıstan Prezidenti Rosen Plevneliyev, Makedoniya Respublikasının Prezidenti George İvanov, İtaliya Senatının sədri Pietro Qrasso, Misirin İsgəndəriyyə Kitabxanasının direktoru İsmayıl Serageldin, Latviyanın sabiq Prezidenti Vayra Vike-Frayberqa, ISESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tuveycri, Ərəb Dövlətləri Liqasının sabiq baş katibi Əmr Musa, İtaliyanın sabiq xarici işlər naziri Franko Frattini tədbirdə iştirak edirlər. Həmçinin İtaliya, Polşa, Xorvatiya, Andorra, Latviya, Ukrayna, Rumıniya, Moldova, Albaniya, Serbiya və Bolqarıstanın sabiq prezidentləri toplantıya qatılıblar.
Azərbaycanı görüşdə Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov təmsil edir.
Tədbirin ilk günündə “Dinlər arasında münaqişə və sülh: siyasi liderlər tarixdən nə öyrənirlər?”, “Radikallaşmanın və zorakı ekstremizmin mənbələri” mövzularında keçirilmiş panel iclaslarında radikalizmin sosial-iqtisadi amilləri və dinlərarası dialoqun müvafiq problemin həllindəki rolu, dialoq üçün vahid məkanın mövcudluğunun əhəmiyyəti kimi məsələlər diqqət mərkəzində olub. Dünya liderləri dinlərarası dialoq vasitəsilə radikallaşmaya, ekstremizmə qarşı yeni və səmərəli həll yollarının tapılması ilə bağlı fikir və tövsiyələrini səsləndiriblər.
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, İsgəndəriyyə Kitabxanasının direktoru İsmayıl Serageldin bildirib ki, müvəffəqiyyətin meyarı sayılan bütün sərvətlər və maddi rifahın olduğu dünyada mənəviyyat daha əhəmiyyətlidir.
Tədbirdə İtaliyanın sabiq Prezidenti Corco Napolitano çıxış edərək tədbirin əsas mövzuları olan ekstremizmin və radikalizmin bu gün hamını narahat edən təhdidlər olduğunu diqqətə çatdırıb. Qeyd edib ki, biz bu problemlərin köklərini iqtisadi və sosial bərabərsizlikdə, insan amilində axtarmalıyıq. Dünyanın müxtəlif ölkələri son onilliklərdə müvafiq çağırışların öhdəsindən gəlmək üçün fərqli vasitələrdən istifadə edib. Hesab edirəm ki, biz hamımız fanatizm, fundamentalizm, ekstremizm kimi dağıdıcı ideologiyalara birgə reaksiya verməliyik. Biz təkcə dini deyil, eyni zamanda, mədəni və siyasi yollarla bəşəri dəyərləri qorumalıyıq.
İtaliyanın sabiq xarici işlər naziri Franko Frattini deyib ki, dinlərarası dialoq indiki narahat dünyamızda həmişəkindən daha vacibdir. Çünki bir sıra hallarda münaqişələr dini zəmində baş verir. Yer üzündə sülhə nail olunmasında sağlam düşüncəyə əsaslanan dialoq mühüm rol oynaya bilər.
Xanım Vayra Vike-Frayberqa vurğulayıb ki, bəşəriyyətin mütləqiyyət axtarışında hər bir dinin özünəməxsus rolu var. Terrorizm və ekstremizmlə mübarizədə dialoq, təhsil, tolerantlıq və insan haqlarına hörmət əsas silahlardır. Ekstremizmi məğlub etməkdə dini liderlərin rolu böyükdür. Eyni zamanda, müxtəlif institutların və vətəndaş cəmiyyətinin müvafiq məsələdə payı şübhəsizdir.
Ukraynanın sabiq Prezidenti Viktor Yuşşenko isə qeyd edib ki, indi dinlər və etiqadlar arasında dialoqa daha böyük ehtiyac var. Biz indi dünyada baş verənlərə biganə qalmamalıyıq.
Ərəb Dövlətləri Liqasının sabiq baş katibi Əmr Musa dünyada sülh şəraitinin yaradılması üçün birgə addımlar atılmasının zəruri olduğunu diqqətə çatdırıb.
ISESCO-nun baş katibi Əbdüləziz bin Osman əl-Tuveycri anlaşılmazlıqların qarşısını almaq üçün dialoqlara üz tutmağın vacibliyini vurğulayıb.
İtaliyanın Prezidenti Sergio Mattarella IV Qlobal Bakı Forumuna hazırlıq məqsədilə keçirilən tədbirin iştirakçılarını qəbul edib. Söhbət zamanı etnik və digər zəmində baş verən münaqişələr, demokratiyanın inkişafı, təhsil, ekologiya və digər sahələrdə mövcud problemlər də daxil olmaqla bir sıra qlobal məsələlər müzakirə edilib.
Görüş işini yanvarın 28-də davam etdirəcək.
Maqsud Dadaşov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma