MƏDƏNİYYƏT


Romada Vətən müharibəsi şəhidlərinin anım tədbirləri çərçivəsində “Üçüncü günün adamı” bədii filmi nümayiş olunub VİDEO

Roma, 18 oktyabr, AZƏRTAC

Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinin anılması ilə əlaqədar İtaliyada keçirilən silsilə tədbirlər çərçivəsində ölkənin Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyi Əməkdaşlarının həyat yoldaşları Assosiasiyası (ACDMAE) tərəfindən təşkil olunan ənənəvi Film Festivalında “Üçüncü günün adamı” tammetrajlı bədii filmi nümayiş etdirilib.

AZƏRTAC xəbər verir ki, filmin nümayişindən əvvəl çıxış edən assosiasiyanın prezidenti Milena Guarino Padula və ACDMAE Film Festivalının təsisçisi Puççi Rastrelli məhz 2017-ci ildə "Əli və Nino" filminin nümayişi ilə ACDMAE-nin Film Festivalının keçirilməsi ənənəsinin başlandığını, həmin filmin assosiasiyanın üzvlərində və festivala qatılanlarda Azərbaycanın zəngin tarixi və mədəniyyətinə böyük maraq oyatdığını bildiriblər. Natiqlər bu il Film Festivalının da “Üçüncü günün adamı” bədii filminin nümayişi ilə başlandığını və bunun Azərbaycan kino sənəti, eləcə də ölkəmizin həqiqətləri ilə daha yaxından tanış olmağa töhfə verəcəyinə əminliklərini bildiriblər.

Ölkəmizin İtaliyadakı səfiri Məmməd Əhmədzadə tədbirin Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasından 30 il və Vətən müharibəsinin nəticəsində Azərbaycanın ərazi bütövlüyünün bərpasından bir il keçməsi ərəfəsində təşkil edildiyini vurğulayıb. Müstəqilliyimizin bərpasının ilk illərində Ermənistanın hərbi işğalı nəticəsində etnik təmizləməyə məruz qalmış bir milyondan çox azərbaycanlının 30 ilə yaxın doğma torpaqlarına qayıtmaqdan, öz doğmalarının məzarlarını ziyarət etməkdən məhrum olduğunu bildirən diplomat ötən ilin payızında Vətən müharibəsi nəticəsində Azərbaycan torpaqlarının işğaldan azad olunması ilə onların Vətən həsrətinə son qoyulduğunu bildirib. Səfir azad olunmuş torpaqlarımızın Ermənistanın silahlı qüvvələri tərəfindən işğal vaxtı darmadağın edildiyini və həmin ərazilərin dünyanın ən minalanmış ərazilərindən birinə çevrildiyini bildirib və azərbaycanlı məcburi köçkünlərin öz torpaqlarına qayıtması üçün ərazilərin minalardan təmizlənməsi, bərpası və yenidən qurulması işlərinin həyata keçirilməsinin vacibliyini vurğulayıb, bu istiqamətdə görülən tədbirlərdən danışıb. Diplomat nümayiş ediləcək filmin qəhrəmanlarının hekayəsindən 30 ilə yaxın Vətən həsrəti ilə yaşamış bir milyondan çox azərbaycanlının keçirdiyi ağır iztirab və acılarının, hər an öz doğma torpaqlarına qayıtmaq istəyinin gücünü anlamağın mümkün olduğunu söyləyib.

Tədbir “Üçüncü günün adamı” bədii filminin nümayişi ilə davam edib. İştirakçıların böyük marağına səbəb olan film Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə “Azərbaycanfilm” kinostudiyasında lentə alınıb və Qarabağ həqiqətlərindən bəhs edir. Uzunmüddətli cəzaya məhkum edilmiş filmin qəhrəmanı azadlığa çıxdıqda yaxınları dünyadan köçmüş, doğma rayonu işğal edilmiş olur. Təsadüf nəticəsində tanış olduğu həmyerlisi ilə birlikdə təmas xəttini keçərək Kəlbəcərdəki kəndinə gedib çıxan qəhrəman nəhayət öz arzusuna çatır.

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Roma

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.