REGİONLAR
Roman Naudinış: Gəncədə terror aktları törətmiş cinayətkarlar cəzalarını almalıdır
Gəncə, 9 iyun, AZƏRTAC
Gəncədə törədilən terror aktında aralarında həlak olmuş qadınların, uşaqların və qocaların ailələrinə Latviya parlamenti adından başsağlığı verirəm. Ermənistan silahlı qüvvələrinin törətdikləri ağlasığmazdır. Ümidvaram ki, bu terror aktları qısa vaxt ərzində araşdırılacaq və təqsirkarlar cəzalarını alacaqlar. Cinayətkarlar törətdiyi əməllərə görə cavab verməlidirlər. Dünya birliyi Azərbaycanın dinc əhalisinə qarşı törədilən bütün hərbi cinayətləri qınamalıdır. Latviya Azərbaycanın öz tarixi torpaqlarını işğaldan azad etdiyi günlərdə baş verən hadisələri çox diqqətlə izləyirdi. Biz müharibənin gedişində zərər çəkən dinc vətəndaşlara görə çox həyəcan keçirirdik.
AZƏRTAC xəbər verir ki, bu barədə jurnalistlərə müsahibəsində Gəncədə səfərdə olan Latviya parlamentinin deputatı, Latviya Respublikası Seyminin Azərbaycan parlamenti ilə əməkdaşlığın inkişafı üzrə qrupunun rəhbəri Roman Naudinış bildirib.
Latviyalı deputat deyib: “Dünya birliyi Ermənistan rəhbərliyini məsuliyyətə cəlb etməli, sanksiyalar tətbiq etməlidir. Bunu artıq çoxdan etmək lazım idi. Əgər dünya birliyi vaxtında Ermənistana təzyiq göstərsəydi, müharibədən qaçmaq mümkün idi. Mən hazırda həmin bombalanan evlərin qarşısındayam. Gəncənin atəşə tutulması terror aktıdır. Bunun başqa adı yoxdur. Terrorçular cəzalarını çəkməlidir. Ermənistan tam izolyasiya şəraitində yaşayır. Qonşularınla sülh şəraitində yaşamaq lazımdır. Bu mənzərəni görmək çox ağırdır. İnsanlar sülh şəraitində yaşamalıdır. Ermənistan rəhbərliyi ağılla hərəkət etməlidir. Bütün dünya bu torpaqları Azərbaycan əraziləri kimi tanıyıb”.
Minalanmış ərazilərin xəritəsinin Azərbaycan tərəfinə verilməsi barədə danışan diplomat diqqətə çatdırıb ki, Latviya parlamentinin deputatları bəyanat hazırlayır və Ermənistana müraciət üçün imza toplanması həyata keçiriləcək. O vurğulayıb ki, Latviya-Azərbaycan parlamentlərarası dostluq qrupu bu məsələdə Azərbaycanı dəstəkləmək üçün əlindən gələni edəcək, çünki ölkələrimizi bir-biri ilə ən yüksək səviyyəli əməkdaşlıq bağlayır.