İDMAN


Roman Qriqorçuk: Matçın nəticəsindən razıyam

Bakı, 22 oktyabr, AZƏRTAC 

Oyunda qalib gəldiyimiz üçün sevincliyik. Futbolçular meydanda çox yaxşı təsir bağışladılar. Matçın nəticəsindən razıyam. Biz ötən mövsümdə də, son illərdə də eyni taktika ilə çıxış etmişik. Komandam daima hücuma meylli oynayır, qol imkanları yaradırdı. Amma bundan istifadə edə bilmirdik. Hər dəfə komandanın oyunundan razı qaldığımı deyirdim. İstəyirdim ki, rəqibi təzyiq altında saxlayaq, üstünlüyə sahib olaq və qalib gələk. Bunun üçün isə qol vurmaq da lazımdır.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Topaz Premyer Liqasının IX turunun "Qəbələ" – "Qarabağ" oyunundan (1:0) sonra "qırmızı-qaralar"ın baş məşqçisi Roman Qriqorçuk keçirdiyi mətbuat konfransında bildirib.

Ukraynalı mütəxəssis deyib ki, imkanlardan yararlanmayanda yaxşı oyun o qədər də hiss olunmur. Bu çempionatda xalları çətin qazanmışıq, bəzən də itirmişik. Ona görə də bunu psixologiya ilə bağlayardım. Buna hazır olmaq lazımdır. Futbolçuların motivasiyası güclüdür. Oyunçuların böyük istəyi var. Bu gün ötən matçla müqayisədə həm də daha yaxşı oyun göstərdik.

"Çempionluq mübarizəsinin necə başa çatacağı barədə düşünmürəm. İndidən mövsümün sonu haqda fikirləşmək faydasızdır. Biz oyunumuzu, futbolçuların ustalıq səviyyəsini təkmilləşdirmək üzərində çalışırıq", - deyə ukraynalı məşqçi vurğulayıb.

Bu gün "Qəbələ" komandası "Qarabağ"ı 1:0 hesabı ilə məğlub edərək çempionatın lideri olan Ağdam komandası ilə xallarının sayını bərabərləşdirib və turnir cədvəlində ikinci pilləyə yüksəlib.

Bu oyundan sonra "Qarabağ" və "Qəbələ" komandalarının hər birinin 19 xalı var.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.