İQTİSADİYYAT
“Rosatom” ilə Milli Nüvə Tədqiqatları Mərkəzi arasında birgə fəaliyyət müzakirə edilib
Bakı, 4 iyul, AZƏRTAC
“Rosatom” ilə Milli Nüvə Tədqiqatları Mərkəzi arasında kadr hazırlığı üzrə birgə fəaliyyət müzakirə edilib.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində Milli Nüvə Tədqiqatları Mərkəzi Qapalı Səhmdar Cəmiyyəti (QSC) "Rosatom"un təşkilatçılığı ilə Moskvada keçirilən "Atomekspo-2017" sərgi-konfransında təmsil olunub. Beynəlxalq tədbirdə QSC-nin sədri, akademik Adil Qəribov iştirak edib.
Mərkəzdən AZƏRTAC-a bildirilib ki, sərgi-konfransda "Rosatom"un baş direktoru Aleksey Lixaçov, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş katibinin müavini, Fransanın Atom Enerjisi və Alternativ Enerji Mənbələri üzrə Komissarlığının (CEA) vitse-prezidenti, Türkiyə, Əlcəzair, ABŞ və digər ölkələrin nümayəndələri çıxış ediblər. Çıxışlarda dünyanın böyük energetikasının gələcəyinin yalnız Atom Energetikasının (AE) olması vurğulanıb, AE-nin mövcud problemləri müzakirə edilib.
Sərginin gedişində dünyanın aparıcı şirkətlərinin son nailiyyətləri ilə də tanış olunub və "Rosatom"un rəhbərliyi ilə görüş keçirilib. Görüşdə Milli Nüvə Tədqiqatları Mərkəzi QSC-nin formalaşması üzrə aparılan işlər haqqında məlumat verilib, kadr hazırlığı sahəsində birgə fəaliyyətlə bağlı fikir mübadiləsi aparılıb.
Səfər çərçivəsində A.Qəribov Dubna Birləşmiş Nüvə Tədqiqatları İnstitutunda Tədqiqat Nüvə Reaktorlarının yaradılması və istismarı üzrə "dəyirmi masa"da çıxış edib. İnstitutda mövcud "IBR-2M" reaktoru, onun kanallarında aparılan izotop istehsalı və neytron aktivləşmə analitik məqsədli işlərlə, həmçinin mövcud sinxronotron və beynəlxalq NICA layihəsi üzrə aparılan işlərlə tanış olub.
Kurçatov Elmi Mərkəzində (KEM) yeniliklərlə tanışlıqdan sonra isə KEM-in direktor müavini və institut rəhbərləri ilə görüş olub. Görüş zamanı Tədqiqat Nüvə Reaktoru, Atom-Hidrogen energetikası üzrə birgə tədqiqatlar istiqamətində Niyyət Protokolunun hazırlanmasının məqsədəuyğunluğu qeyd edilib.