SİYASƏT
Rosen Plevneliev: Azərbaycan təbii qazı Bolqarıstan üçün əsas prioritetdir
Bakı, 13 avqust, AZƏRTAC
Avropa Komissiyasının Prezidenti xanım Ursula fon der Lyayenin Bakıya səfəri və Azərbaycan Prezidentinin Avropada enerji təhlükəsizliyinin təmin olunmasına dəstəyi xüsusi əhəmiyyət kəsb edir.
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi Rövşən Muradov AZƏRTAC-a bildirib ki, bu sözləri Bolqarıstanın sabiq prezidenti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Rosen Plevneliev söyləyib.
Azərbaycanın təbii qazının Bolqarıstan üçün əsas prioritet olduğunu deyən sabiq Prezident bildirib: “Hazırda 1 milyard kubmetr qaz üçün müqaviləmiz var və biz daha çox qaz almaq istəyirik. Amma Bolqarıstanın hazırkı istehlakı 3 milyard kubmetrdir. Çatışmayan həcmlər üçün başqa mənbələrdən qaz təmin etməliyik. “Qazprom” ilə müqaviləmiz bu ilin sonunda başa çatır və yeni müqavilə olmayacaq”.