MƏDƏNİYYƏT
“Rossiya-1” telekanalı: Azərbaycan tolerantlığın nadir nümunəsidir VİDEO
Bakı, 5 aprel (AZƏRTAC). Rusiyanın “Rossiya-1” telekanalı Heydər Əliyev Fondunun təşəbbüsü ilə dünya şöhrətli fotoqraf Rza Deqatinin Moskvada keçirilən ölkəmizdə dini tolerantlığa həsr olunmuş “Azərbaycan. Tolerantlıq məkanı” fotosərgisi haqqında geniş reportaj təqdim etmişdir.
AZƏRTAC xəbər verir ki, reportajda dünyanın neçə-neçə qaynar nöqtələrində olmuş fotomüxbirin bu dəfə daha maraqlı mövzu təqdim etdiyi tamaşaçıların diqqətinə çatdırılır. Süjetdə bildirilir ki, sərgi iştirakçıları Azərbaycanda müharibə ilə deyil, əksinə, sülh və tolerant bir məkanla tanış olacaqlar.
Qeyd edilir ki, hərbi fotomüxbir kimi tanınan Reza Deqati artıq 30 ildir dünyanın bir qaynar nöqtəsindən digərinə səyahət edir. Bu ekspozisiyada dünya şöhrətli fotoqraf R.Deqatinin Azərbaycana səfərləri zamanı çəkdiyi fotoşəkillər nümayiş olunur.
Onun çəkdiyi fotolardan Azərbaycanda 1987-ci ildən bu günədək hansı dəyişikliklər yaşandığını müşahidə etmək olar. Reportajda bildirilir ki, tanınmış fotoqrafın obyektivində sadə vətəndaşların da şəkilləri əks olunmuşdur. Azərbaycanın müxtəlif regionlarına səfər etmiş Reza Deqati rus, yəhudi, tatar və ləzgi ənənələri ilə tanış olmuşdur. Süjetdə diqqətə çatdırılır ki, dünya şöhrətli rəssam müxtəlif millətlərin və dinlərin müasir Azərbaycanda mövcud olan qonşuluğunu bir çox ölkələr üçün nadir bir nümunə hesab edir.