CƏMİYYƏT
“Rossiya 24” telekanalı Azərbaycanda rus dilinin tədrisi ilə bağlı videosüjet yayımlayıb VİDEO
Bakı, 28 sentyabr, Xəyalə Məmmədova, AZƏRTAC
“Rossiya 24” telekanalı Azərbaycanda rus dilinin tədrisi ilə bağlı videosüjet yayımlayıb.
AZƏRTAC xəbər verir ki, süjetdə Azərbaycanda rus dilinə böyük marağın olduğu diqqətə çatdırılıb. Azərbaycanda 50 ümumtəhsil müəssisəsində həyata keçirilən “Rus dilinin intensiv tədrisi” layihəsinin davam etdirilməsi, tədris prosesinin təşkili və tənzimlənməsinin təmin olunması haqqında danışan müəllif rus dilinin ölkəmizdə sevilərək qorunduğunu vurğulayıb.
Jurnalistin suallarını cavablandıran təhsil naziri Mikayıl Cabbarov Azərbaycanda təhsil sahəsinin inkişafı istiqamətində atılan addımlardan danışıb, xalq arasında rus dilinə böyük maraq olduğunu deyib. Nazir qeyd edib ki, ölkənin təhsil ocaqlarında bir çox dillər tədris olunur, lakin rus dilinin xüsusi yeri var.
Bakının bir sıra orta məktəblərində çəkiliş aparan rusiyalı qonaqlar Mərdəkanda Bakı milyonçusu Murtuza Muxtarovun ev muzeyində də olublar. Reportajda lirik rus şerinin ən görkəmli simalarından sayılan, istedadı ilə yanaşı, faciəvi taleyi ilə də dünya ədəbiyyat tarixinə düşən şair Sergey Yeseninin burada bir neçə müddət yaşamasına diqqət çəkilib. Müəllif Sergey Yeseninin Bakıdakı ev muzeyində də olub.
Süjetdə, həmçinin M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialından danışılır.