CƏMİYYƏT
“Rossiya 24” telekanalında Azərbaycanın Böyük Qələbəyə töhfəsindən bəhs edən film nümayiş olunub VİDEO
Moskva, 9 may, AZƏRTAC
“Rossiya 24” telekanalında Azərbaycanın Böyük Vətən müharibəsində qələbəyə töhfəsindən bəhs edən “Qələbənin səsi” sənədli filmi nümayiş olunub.
Filmdə nasist Almaniyasının keçmiş SSRİ-yə hücumunun ilk günlərindən cəbhədə qəhrəmancasına vuruşmuş Azərbaycan hərbçilərindən, arxa cəbhədə fədakarlıq göstərmiş insanlardan, cəbhə bölgələrindən Azərbaycana köçürülmüş sovet adamlarının xalqımıza xas qonaqpərvərliklə qarşılanmasından, Bakı neftinin böyük qələbədə həlledici rolundan söhbət açılır. Qafqaz dağlarının ətəklərindən Berlinədək döyüş yolu keçmiş 77-ci, 223-cü, 396-cı, 402 və 416-cı milli atıcı diviziyalarının tərkibində vuruşan azərbaycanlı əsgər və zabitlərin igidliyi, azərbaycanlı Sovet İttifaqı Qəhrəmanlarının şücaətləri filmdə xüsusi vurğulanır, onların əfsanəyə çevrilmiş qəhrəmanlığından danışılır. Müharibə veteranları Həsən İmanov, Əbdülağa Cavadov, İsmayıl Qasımov, İrina Qədimova, Cəmil Vəliyev, Həbibulla İsmayılov, Məhəmməd Əliyev öz xatirələrini bölüşürlər.
Filmdə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Böyük Vətən müharibəsi veteranlarına xüsusi qayğı ilə yanaşmasını, Rusiyanın Rostov vilayətində 416-cı və 130-cu atıcı diviziyaların şərəfinə ucaldılmış döyüş şöhrəti abidəsinin açılışında iştirakını əks etdirən kadrlar nümayiş olunur.
Filmin müəllifləri Azərbaycan Prezidenti İlham Əliyevin veteranlarla görüşlərindən, iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun abidəsi önünə əklillər qoymasından bəhs edirlər. Sənədli filmdə tolerantlıq və multikulturalizm mərkəzi olan Azərbaycanda tarixə və ənənələrə həmişə hörmətlə yanaşılmasının, dostluq və qardaşlıq münasibətlərinin qorunub saxlanmasının vacibliyi vurğulanır.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva