MƏDƏNİYYƏT


“Rossiyskaya qazeta” rusiyalı turistləri Azərbaycana dəvət edir

Moskva, 26 iyun, AZƏRTAC

“Rossiyskaya qazeta”da Azərbaycanda turizmin inkişafına həsr olunmuş məqalə dərc edilib.

AZƏRTAC xəbər verir ki, Olqa İvanovanın “Mersi, Baku!” adlanan məqaləsində son illərdə Azərbaycanda keçirilən Avroviziya mahnı müsabiqəsinin, Formula-1 yarışlarının, “Jara” festivalının ölkəmizə çoxlu sayda turistin gəlməsinə səbəb olduğu qeyd edilir. Bildirilir ki, Rusiyadan Azərbaycana həm Moskvadan, həm də regionlardan “Aeroflot” və “AZAL” şirkətlərinin təyyarələri ilə birbaşa reyslərlə gəlmək olar.

Bakının geniş prospektləri, parkları və gözoxşayan memarlıq üslubu ilə turistləri cəlb etdiyini vurğulayan müəllif “Brilyant əl”, “Amfibiya adam” və Ceyms Bond haqqında filmlərdən birinin Bakıda çəkildiyini xatırladıb.

Məqalədə deyilir ki, Azərbaycanda hər büdcəyə uyğun otel tapmaq mümkündür. Azərbaycan və dünya mətbəxinin ləziz təamlarını təklif edən yerli restoran və kafelər də diqqətdən yayınmayıb. “Əgər yolu tapa bilməsəniz, yerli sakinlərdən soruşa bilərsiniz. Bakı sakinləri qonaqpərvərdirlər. Bakı həm də təhlükəsiz şəhərdir. Yerli sakinlər deyirlər ki, şəhərdə gecələr də rahat gəzmək olar”, - deyə müəllif vurğulayır.

Məqalədə turistlərə “Yanardağ” Tarix-Dövlət Mədəniyyət və Təbiət Qoruğu, Qobustan Dövlət Tarix və Bədii Qoruğu, “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğunu ziyarət etmək, Abşeron çimərliklərində dincəlmək təklif olunur. “Azərbaycana səyahətdən həzz almaq üçün cəmi bir həftə kifayətdir”, - yazan müəllif oxucularına burada unudulmaz istirahət vəd edir.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.