SİYASƏT
Rostovda yaşayan azərbaycanlılar faşizm üzərində Qələbənin 66-cı ildönümünü qeyd etmişlər
Bakı, 11 may (AZƏRTAC). Rusiyanın Rostov vilayətində yaşayan azərbaycanlılar 9 May – Qələbə Gününü qeyd etmişlər.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirmişlər ki, Rostov vilayətindəki ən böyük abidə olan “Sambek memorialı” önündə faşizm üzərində Qələbənin 66-cı ildönümünə həsr olunmuş mitinq keçirilmişdir.
Mitinqi Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatı (RAGT), Rusiya Azərbaycanlıları Konqresinin Rostov regional Təşkilatı və “Мир на Земле” millətlərarası təşkilatı keçirmişlər. Tədbirin təşkilatçısı Taqanroq parlamentinin vitse-spikeri, RAGT-ın Rostov bölməsinin rəhbəri Fuad İbrahimovdur.
Rusiya azərbaycanlıları abidənin önünə güllər qoymuş, Taqanroq şəhərini faşistlərdən azad etmiş, əsasən azərbaycanlılardan ibarət 130-cu və 416-cı diviziyalarının əsgərlərinin xatirələrinə ehtiramlarını bildirmişlər.
Sonda Taqanroq və Rostov şəhərləri arasında Rusiya və Azərbaycan bayraqlarını dalğalandıraraq avtoyürüş keçirilmişdir.
######