CƏMİYYƏT
Rostropoviç-Vişnevskaya Fondunun ölkəmizdəki fəaliyyəti uğurla davam edir
Bakı, 14 iyun, Əziz Məmmədov, AZƏRTAC
İyunun 14-də baş qərargahı ABŞ-ın Vaşinqton şəhərində yerləşən Rostropoviç-Vişnevskaya Fondunun prezidenti Yelena Rostropoviç yenidoğulmuşlar arasında ürək qüsurunun erkən diaqnostikası və kəskin anadangəlmə ürək çatışmazlığı xəstəliyinin müalicəsi proqramının tətbiqi ilə tanış olmaq üçün Bakıya səfərə gəlib.
AZƏRTAC xəbər verir ki, həmin proqram yenidoğulmuşlar arasında həyata keçirilən standart tibbi prosedur olaraq dünyanın bir sıra ölkələrində həyata keçirilir və ölkəmizdə uşaq sağlamlığının qorunması sahəsində Səhiyyə Nazirliyi ilə Rostropoviç-Vişnevskaya Fondu arasında 2003-cü ildən başlanılan əməkdaşlığın uğurlu davamıdır.
«Mən çox məmnunam ki, fondumuz Səhiyyə Nazirliyi ilə birgə atamın doğulduğu ölkədə uşaqların sağlamlığının qorunması üçün birgə fəaliyyətini davam etdirir», – Yelena Rostropviç qeyd edib. -Bu il atamın anadan olmasının 90 illiyi və valideynlərimin uşaqların sağlamlığı və gələcəyi naminə təsis etdiyi humanitar fondun 25 illiyini qeyd edirik. Azərbaycan valideynlərimin ürəyində həmişə yaşayırdı və həm də ona görə xoşbəxtəm ki, onlar üçün çox əziz olan ölkədə fondumuz uşaqların sağlamlığına xidmət edir».
Yelena Rostropoviç bildirib ki, yenidoğulmuşlar arasındakı kardiomüayinə proqramı onun üçün xüsusi əhəmiyyətə malikdir. Onun söylədiyinə görə, böyük oğlu kəskin ürək qüsuru ilə doğulub, erkən diaqnostika və uşaqlığında aparılan düzgün müalicə nəticəsində sağlam böyüyüb. Kardiomüayinə proqramı Azərbaycanda ciddi ürək qüsuru ilə doğulanlar üçünpeşəkar müalicənin təmin olunmasına kömək edəcəkdir.
Fond Səhiyyə Nazirliyi ilə əməkdaşlıq çərçivəsində minlərlə uşağı əhatə edən uzunmüddətli layihələr həyata keçirir və uşaqların sağlamlığının qorunmasında vacib olan qızılca, parotit və məxmərəyə qarşı peyvəndin milli peyvənd təqviminə daxil edilməsi, anadan uşağa vertikal yoluxmanın qarşısının alınması üçün hamilə qadınlar arasında İİV/QİÇS-ə qarşı müayinə və eyni zamanda, uşaqlar arasında anemiya və fiziki inkişafın zəifləməsinin qarşısını almaq məqsədilə helmintlərə qarşı mübarizə proqramları kimi layihələrə ümumən 10 milyon ABŞ dollarından çox vəsait xərcləyib.
Rostropoviç-Vişnevskaya Fondu xeyriyyə təşkilatının əsas məqsədi uşaqların sağlamlıq və rifahının yaxşılaşdırılmasına xidmət etməkdir. Proqramlar üç il ərzində fondun ayırdığı maliyyə vəsaiti hesabına həyata keçirilir. Vaksin təminatı, diaqnostik skrininqlərin keçirilməsi və eyni zamanda, ana və uşağa doğuşa qədər və doğuşdan sonrakı bir sıra xidmətlərin göstərilməsi sayəsində müxtəlif xəstəliklərdən qorunanların sayı 20 milyon nəfərdən çoxdur.