MƏDƏNİYYƏT
Rotterdam-Avroviziya-2021: Azərbaycan təmsilçisi müsabiqədə qadın gücünü tərənnüm edəcək
Rotterdam, 18 may, AZƏRTAC
Qərəzlərlə dolu dünyada qadın gücünün heç nə ilə müqayisə oluna bilmədiyini xatırlatmaq üçün güclü qadınlardan bəhs etmək çox vacibdir. Qoy tarixdəki güclü qadınların həyat hekayələri bugünkü qadınlarımızın hər şeyin öhdəsindən gələ və daha böyük uğur qazana bilməsi üçün enerji, ilham mənbəyi olsun.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Azərbaycanı “Avroviziya-2021” mahnı müsabiqəsində təmsil edən və bu axşam ilk yarımfinalda çıxış edəcək Samirə Əfəndi qurumun televiziyasına müsahibəsində söyləyib.
Azərbaycan təmsilçisinin ifa edəcəyi “Mata Hari” lirik mahnısı Birinci Dünya müharibəsində casus kimi günahlandırılan niderlandlı ekzotik rəqqas Mata Harinin həyatında bəhs edir.
Bildirilib ki, mahnı mükəmməlliyi ilə ovsunlayan, sonsuz gücü ilə təəccübləndirən, sirli yollarla hərəkətə gətirən qadınların gücündən bəhs edir.
Azərbaycan təmsilçisinin mahnısının müəllifləri niderlandlı Amy van der Vel, Coş Earl, Lyuk Van Birsdir.
Samirə Əfəndi bu axşam “Avroviziya-2021” mahnı müsabiqəsinin ilk yarımfinalında səhnəyə 14-cü çıxacaq.
Müsabiqənin birinci yarımfinalında ölkəmizlə yanaşı Litva, Sloveniya, Rusiya, İsveç, Avstraliya, Şimali Makedoniya, İrlandiya, Kipr, Norveç, Xorvatiya, Belçika, İsrail, Rumıniya, Ukrayna və Malta çıxış edəcək.
Niderland Krallığının Rotterdam şəhərində keçirilən beynəlxalq müsabiqəyə 39 ölkədən 34 iştirakçı toplaşıb. Müsabiqənin ikinci yarımfinalı mayın 20-də keçiriləcək, final yarışması isə mayın 22-nə təyin olunub.
Qeyd edək ki, Niderland Azərbaycan Evinin rəhbərliyi “Rotterdam Avroviziya-2021” mahnı müsabiqəsinə qatılan nümayəndə heyətimizin qarşılanmasında və yerləşdirilməsində yaxından yardımçı olub.
Xatırladaq ki, Samirə Əfəndi ölkəmizi “Avroviziya” mahnı müsabiqəsində təmsil etmək üçün 5 dəfə cəhd edib. Nəhayət 2020-ci ildə beynəlxalq münsiflər heyəti tərəfindən seçilərək istəyinə nail olub. O, ölkə daxilində, eləcə də Qazaxıstanda təşkil olunmuş “The Silk Way Star” beynəlxalq mahnı müsabiqəsində, "The Voice of Nur-Sultan" yarışmasında ölkəmizi uğurla təmsil edib.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Rotterdam