CƏMİYYƏT
Rotterdamda “Bayraq tariximizdən” adlı konfrans keçirilib
Rotterdam, 17 oktyabr, AZƏRTAC
Benilüks Azərbaycanlıları Konqresinin (BAK) Rotterdamdakı bürosunda “Bayraq tariximizdən” mövzusunda konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə Benilüks Azərbaycanlıları Konqresinin sədri Elsevər Məmmədov konfransı giriş sözü ilə açaraq, konfrans haqqında ümumi məlumat verib.
Sonra Vətən uğrunda canlarından keçmiş Azərbaycanın qəhrəman oğullarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Dövlət Himni səsləndirilib.
Konfrans iştirakçıları qardaş Türkiyənin Bartın vilayətinin Amasra rayonunda partlayış baş verən mədəndə həyatını itirənlərə rəhmət, ailələrinə səbir diləyiblər.
BAK sədrinin müavini Sima Cəfərova Azərbaycan torpaqlarında tarixin müxtəlif mərhələlərində bərqərar olmuş kiçik və böyük dövlətlər, onların bayraqları haqqında məlumat verib. O, hər bir dövrə aid bayraqların üzərindəki rəmzlər və yazılar haqqında ətraflı danışıb. Həmçinin xalqımıza məxsus olan tarixi faktlardan, ermənilərin tarixi saxtalaşdırmaq cəhdlərindən bəhs olunub.
Daha sonra “İrəvan Komitəsi”nin rəhbəri, tədqiqatçı Tofiq Həsənov tərəfindən tərtib edilmiş İrəvan xanlığının xəritəsi və eramızdan əvvəl Azərbaycan ərazisində mövcud olmuş dövlətlərin bayraqları nümayiş etdirilib.
Konfransa onlayn formatda qoşulan Azərbaycan Dillər Universitetinin filologiya fəlsəfəsi üzrə dosenti Həqiqət Hacıyeva müasir Azərbaycanın bayrağının tarixindən danışıb.
Tədbir mövzu ətrafında müzakirə və fikir mübadiləsi ilə davam edib.
Rotterdam