İDMAN


Rövnəq Abdullayev Beynəlxalq Cüdo Federasiyasının prezidenti ilə görüşüb

Bakı, 7 iyun, AZƏRTAC

Cüdo üzrə dünya çempionatının keçirildiyi Budapeştdə səfərdə olan Azərbaycan Cüdo Federasiyasının (ACF) prezidenti Rövnəq Abdullayev Beynəlxalq Cüdo Federasiyasının (IJF) prezidenti Marius Vizer ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, görüşdə R.Abdullayev Marius Vizeri növbəti dəfə dörd il müddətinə dünya cüdo təşkilatının rəhbəri seçilməsi münasibətilə təbrik edib. Azərbaycanda cüdonun inkişafı ilə bağlı həyata keçirilən tədbirlərdən danışan R.Abdullayev ölkə idmançılarının Yay Olimpiya Oyunlarında, dünya və Avropa çempionatlarında qazandıqları yüksək nailiyyətlərdən söhbət açıb.

Ölkəmizdə cüdonun da zəngin ənənələrə malik olduğunu qeyd edən ACF prezidenti son vaxtlar Azərbaycan cüdoçularının dünyanın müxtəlif ölkələrində keçirilən “Böyük dəbilqə” turnirlərində uğurla çıxış edərək medallar qazandıqlarını diqqətə çatdırıb.

M.Vizer Azərbaycanın artıq bütün dünyada idman ölkəsi kimi tanındığını söyləyib. O, Olimpiya hərəkatı və idmanın inkişafına dövlət səviyyəsində göstərilən diqqətin dəfələrlə ümumdünya idman təşkilatları və federasiyaları tərəfindən qiymətləndirildiyini bildirib. Azərbaycan cüdoçularının gələcək beynəlxalq yarışlarda, dünya çempionatı və Olimpiya Oyunlarında da uğurla çıxış edəcəklərinə ümidvar olduğunu söyləyən IJF prezidenti Bakıda ənənəvi “Böyük dəbilqə” yarışlarının hər zaman yüksək səviyyədə keçirildiyini, bu mötəbər turnirdə beynəlxalq və yerli federasiyaların birgə işçi qrupunun səmərəli fəaliyyətini xüsusi vurğulayıb. Budapeştdə Beynəlxalq Cüdo Federasiyasının konqresinin yüksək səviyyədə keçirildiyini vurğulayan M.Vizer Azərbaycan Cüdo Federasiyasının prezidenti Rövnəq Abdullayevi ikinci dəfə dörd il müddətinə qurumun İcraiyyə Komitəsinə üzv seçilməsi münasibətilə təbrik edib. Sonra M.Vizer IJF-in xüsusi hədiyyəsini Rövnəq Abdullayevə təqdim edib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.