İDMAN
Rövşən Bayramov: Yığma komandamız dünya çempionatında qələbə qazanmaq əzmindədir
Bakı, 8 oktyabr, AZƏRTAC
Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək güləş üzrə dünya çempionatına hazırlıqla bağlı təlim-məşqlər yüksək səviyyədə davam edir. Mundialda uğurla çıxış etmək üçün pəhləvanların hərtərəfli hazırlığına xüsusi diqqət yetirilir.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Olimpiya Oyunlarının ikiqat gümüş mükafatçısı, yunan-Roma güləşi üzrə yığma komandanın böyük məşqçisi Rövşən Bayramov deyib.
Komandanın heyətində təcrübəli və titullu idmançıların yer aldığını bildirən məşqçi dünya çempionatında yüksək nailiyyətlərin əldə edilməsi üçün əsaslı zəmin olduğunu bildirib: “Bir neçə gündən sonra komandanın heyəti tam müəyyənləşəcək. Güləşçilərimiz ötən illər ərzində böyük uğurlara imza atıblar. Pəhləvanlarımız yaxşı formadadırlar. Yığma komandamız dünya çempionatında qələbə qazanmaq əzmindədir. Onların hər birindən medal gözləyirik”.
Rövşən Bayramov yığma komanda üzvlərinin zədələri ilə bağlı bildirib ki, hazırda güləşçilərin sağlamlığında heç bir problem yoxdur. Güləş ilə məşğul olan idmançılar zədəsiz ötüşmürlər. Xırda zədələri nəzərə almasaq, vəziyyət yaxşıdır. Əsas məqsəd vəzifəmizin öhdəsindən layiqincə gəlməkdir. Düşünürəm ki, dünya çempionatında uğurla çıxış edəcəyik.