İDMAN


Rövşən Hacıyev: Dünya çempionatında uğur qazanmaq üçün var gücümüzlə mübarizə aparacağıq

Bakı, 11 iyun, AZƏRTAC

İspaniyanın Pontevedra şəhərində keçirilən Avropa çempionatında uğurla çıxış edən sərbəst güləş üzrə gənclərdən ibarət yığmamız iyunun 11-də vətənə qayıdıb.

AZƏRTAC Azərbaycan Güləş Federasiyasının saytına istinadla xəbər verir ki, iki qızıl, bir gümüş və bir bürünc medalla komanda hesabında Avropa üçüncüsü olan millimizin Heydər Əliyev adına Beynəlxalq Aeroportunda qarşılanma mərasimi keçirilib. Komandamızı yeniyetmə güləşçilər, federasiyanın rəsmiləri və media nümayəndələri qarşılayıblar.

Yığmamızın böyük məşqçisi Rövşən Hacıyev komandanın qitə birinciliyindəki çıxışını belə şərh edib: “Medallarımızın sayı daha çox ola bilərdi. Bəzi güləşçilərin səhvləri oldu. Bu səhvlər də bizim üçün dərsdir. İnşallah, bu yarışda buraxılan səhvlərin üzərində işləyəcəyik ki, dünya çempionatında təkrarlamayaq”.

Federasiyanın rəhbəri Namiq Əliyevin də çempionatda gənc pəhləvanların çıxışlarını izləməsinin onları daha da ruhlandırdığını vurğulayan məşqçi deyib: “Namiq Əliyev həm də Dünya Güləş Birliyinin Büro üzvüdür. Məhz onun orada olması hakimlərin bizə qarşı qərəzli mövqe tutmasına imkan vermədi. Federasiya rəhbərinin çempionatda idmançılarımızın çıxışlarını izləməsi bizə əlavə stimul verdi. Namiq müəllimə buna görə minnətdarlığımızı bildiririk. Turan Bayramov bu ildən gənclər komandasının heyətinə. Toğrul Əsgərovun davamçısıdır. Abubakr Abakarov, Asxab Həmzətov və İslam Abuyevin də parlaq çıxışını qeyd etmək lazımdır. Dünya çempionatında daha da yaxşı nəticələrə imza atmaq üçün əlimizdən gələni edəcəyik".

Avropa çempionu Turan Bayramov yarışdakı qələbəsi barədə danışarkən qeyd edib: “Yeniyetmələrin heyətində çıxışımdan sonra gənclər arasında da Avropa çempionu oldum. Bundan da böyük qələbələr qazanmağa çalışacağam. Həmşəhərlim olan Toğrul Əsgərovun azarkeşiyəm. Onun nailiyyətlərini yeniləmək üçün var gücümü ortaya qoyacağam”.

Digər çempion Abubakr Abakarov da fikirlərini bölüşərək deyib: “Finaladək bütün rəqiblərimə rahat qalib gəldim. Rusiya güləşçisi ilə həlledici qarşılaşma çətin keçdi. O, dünya çempionatında bu məğlubiyyətin əvəzini məndən çıxmağa çalışacaq. Ancaq mən də bu uğuru dünya çempionatında təkrarlamağı qarşıma məqsəd qoymuşam”.

Xatırladaq ki, Avropa çempionatında Turan Bayramov (65 kq) və Abubakr Abakarov (79 kq) qızıl, Asxab Həmzətov (92 kq) gümüş, İslam Abuyev (125 kq) isə bürünc medal qazanıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.